GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS ALİMİN XATİRƏSİ YAD EDİLMİŞDİR
Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru akademik Bəkir Nəbiyev, filologiya elmləri doktoru Şamil Salmanov və başqaları çıxış edərək bildirmişlər ki, alimin yubileyi münasibətilə elmi sessiya keçiriləcək, əsərləri çap olunacaq, xatirələr toplusu işıq üzü görəcəkdir.
Mərasimdə M.A.Dadaşzadənin Azərbaycan ədəbiyyatı və elmindəki rolu barədə ətraflı söhbət getmişdir. Qeyd olunmuşdur ki, akademikin fəaliyyəti çoxşaxəli idi. Ədəbi ictimaiyyət onu görkəmli ədəbiyyatşünas alim, tənqidçi, pedaqoq, ictimai xadim olmaqdan əlavə, müxtəlif vəzifələrdə çalışan nüfuzlu söz sahibi, sadəliyi, işgüzarlığı, mehribanlığı ilə fərqlənən insan kimi də yaxşı xatırlayır.
“Molla Nəsrəddin” jurnalında çap olunan şer, hekayə və tərcümələri ilə böyük ədəbiyyata qədəm qoyan, tənqidi məqalələri ilə formalaşan M.A.Dadaşzadə XX əsrin Azərbaycanda yetirdiyi görkəmli elmi simalardan biri idi. Çoxcildlik Azərbaycan ədəbiyyatı tarixi, ikicildlik Azərbaycan sovet ədəbiyyatı tarixinin, klassik irsə aid bir sıra monoqrafiyaların hazırlanması və nəşrində alimin rolu yüksək dəyərləndirilmişdir. Onun həm də böyük intellekt, mədəniyyət və zəngin mənəviyyat sahibi olduğu vurğulanmışdır.
Məmməd Arif nəslinin və elminin davamçısı Aqşin Dadaşzadə babasının xatirəsini əziz tutanlara minnətdarlıq etmişdir.