MƏDƏNİYYƏT
GÖRKƏMLİ KİNO REJİSSORUNUN YUBİLEYİ KEÇİRİLMİŞDİR
“Bakili” Beynəlxalq Mədəniyyət Cəmiyyəti milli kino sənətinin görkəmli nümayəndəsi, xalq artisti, “Şöhrət” ordenli rejissor Oqtay Mirqasımovun anadan olmasının 60 illik yubileyi münasibətilə gecə keçirmişdir. Cəmiyyətdən AZƏRTAC-ın müxbirinə demişlər ki, gecədə cəmiyyətin prezidenti Fikrət Zərbəliyev, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti, xalq artisti İlhamə Quliyeva, Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rüstəm İbrahimbəyov, tibb elmləri doktoru, professor Ağabəy Sultanov, xalq artistləri Rasim Balayev, Əminə Yusifqızı, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Teatr Xadimləri İttifaqının birinci katibi, xalq artisti Azər Paşa Nemətov, əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinov və başqaları çıxış edərək Oqtay Mirqasımovun milli kinomuzun zəngin ənənələrini layiqincə davam etdirməsindən, istedadlı rejissor kimi yaratdığı onlarca ekran əsərinin milli kino tariximizdə böyük iz buraxmasından, Azərbaycan kinematoqrafiyasının şöhrətini artırmasından danışmışlar. Qeyd olunmuşdur ki, rejissorun kino sənətinin imkanlarından ustalıqla istifadə edərək yaratdığı filmləri ölkəmizdə ekran həvəskarlarının dərin rəğbət və məhəbbətini qazanmışdır. Kino sənətinin inkişafındakı xidmətlərinə görə Oqtay Mirqasımova Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Azərbaycan Prezidenti Heydər Əliyevin 80 illik yubileyi münasibətilə təsis etdiyi “Yaşa Azərbaycan” mükafatının medalı və diplomu təqdim olunmuşdur. Oqtay Mirqasımov yaradıcılığına göstərilən diqqətə görə gecənin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir. Axırda Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramı səslənmişdir.