MƏDƏNİYYƏT
GÖRKƏMLİ TARZƏNİN XATİRƏSİ YAD EDİLDİ
İyunun 18-də Azərbaycan Dövlət Muğam Teatrında ifaçılıq sənətinin görkəmli nümayəndəsi, məşhur tarzən, respublikanın xalq artisti Həbib Bayramovun xatirəsinə həsr olunmuş gecə keçirilmişdir.
Gecəni muğam teatrının direktoru Arif Qazıyev giriş sözü ilə açdı, Azərbaycan ifaçılıq sənətinin unudulmaz nümayəndəsi, milli musiqimizin yorulmaz təbliğatçısı Həbib Bayramovun fədakar əməyindən danışdı.
Bəstəkar, xalq artisti Ramiz Mirişli, tibb elmləri doktoru, professor Ağabəy Sultanov, xalq artisti Sara Qədimova, xalq artisti Mirzə Babayev, tanınmış ziyalı Həsən Həsənov, xalq artisti Habil Əliyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə, xalq artisti Əlibaba Məmmədov, tarzən, əməkdar artist Firudin Ələkbərov, xalq artisti, professor Arif Babyev, əməkdar artist Tələt Qasımov, Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəri, əməkdar artist Möhlət Müslümov, xalq artisti İslam Rzayev və başqaları respublikamızın tanınmış müğənni və xanəndələrini məharətlə müşayiət edən Həbib Bayramovun öz təkrarsız çalğısı ilə musiqisevərlərin rəğbətini qazanmasından, milli ifaçılıq sənətimizi zənginləşdirməsindən söhbət açdılar. Onlar qeyd etdilər ki, sənətkar ömrünü Azərbaycan Dövlət Filarmoniyası, eləcə də Azərbaycan Konsert Birliyi ilə sıx bağlayan Həbib Bayramov Vətənimizi el-el, oba-oba dolaşaraq milli musiqimizin ürəklərə yol açmasında, gənc nəslin estetik tərbiyəsində böyük rol oynamış, Azərbaycan milli ifaçılıq sənətini Kanadada, Fransada, İngiltərədə, Almaniyada, İranda, Əfqanıstanda, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və digər xarici ölkələrdə ləyaqətlə təmsil etmişdir.
Sonra Dövlət Muğam Teatrının solistlərinin və respublika incəsənət ustalarının ifasında 1940-cı ildən görkəmli musiqi xadimi Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında fəaliyyətə başlamış və ömrünün sonuna kimi bu kollektivdə çalışmış Həbib Bayramovun repertuarını bəzəmiş xalq muğamları və təsnifləri ifa olundu, unudulmaz sənətkarın lent yazıları səsləndirildi.
Gecənin sonunda xalq artisti Həbib Bayramovun qızı, xalq artisti İlhamə Quliyeva çıxış edərək, atasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirdi.