Görkəmli xalçaçı rəssam Lətif Kərimovun xatirəsi anılmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Noyabrın 15-də L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xalq Rəssamı Lətif Kərimovun anadan olmasının 107-ci ildönümü qeyd edilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində məqsəd xalça mədəniyyəti tariximizdə dərin iz buraxmış ustad sənətkarın yaradıcılığını, yaratdığı əsərləri, sənətə gətirdiyi yenilikləri, həmçinin qədim xalça sənətini, onun mahiyyətini gənc nəslə aşılamaq, onlarda bu sənətə maraq, həvəs, məhəbbət hissi oyatmaqdır.
Tədbirdə muzeyin direktoru Röya Tağıyeva, xalçaçı rəssam Taryer Bəşirov Azərbaycanda xalçaçılığın inkişafında və onun beynəlxalq aləmdə tanıdılmasında xüsusi xidmətləri olan L.Kərimovun həyat və fəaliyyətindən geniş söz açmışdır.
Vurğulanmışdır ki, Lətif Kərimov yurdumuzu qarış-qarış gəzərək min illərdən soraq verən Azərbaycan xalçalarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplamışdır. Dünyada ilk xalça muzeyinin Azərbaycanda açılmasında əvəzsiz rol oynamış Lətif Kərimov xalçalarımızı ilk dəfə tədqiq edərək onları növlərə, qruplara, məktəblərə ayırmışdır. Onun müəllifi olduğu üçcildlik “Azərbaycan xalçası” kitabının xalça sənətinin hərtərəfli tədqiqi, zəngin bədii irsimizin öyrənilməsi və mənimsənilməsi sahəsində əvəzsiz əhəmiyyəti vardır.
Tədbirdə rəssama həsr olunmuş “Ömrün naxışları” sənədli filmi nümayiş olunmuşdur.
Sonra tədbir iştirakçıları “İlmələrdə keçən ömür” adlı sərgi ilə tanış olmuşlar
Sərgidə Lətif Kərimovun kitabları, şəxsi əşyaları, “Çiçəkli buta”, “Səfiəddin Urməvi”, “Ləçək-turunc” və “Şəbi-hicran” xalçaları nümayiş olunmuşdur.
Tədbirdə Azərbaycan Turizm İnstitutunun və bir sıra kolleclərin müəllim və tələbələri iştirak etmişlər.