SİYASƏT
GÖRÜŞ KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının referendum aktı layihəsi respublika ictimaiyyətinin böyük müzakirəsinə səbəb olmuşdur.
Bu münasibətlə iyulun 8-də Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsində Milli Məclis sədrinin müavini, təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyanın sədri Ziyafət Əsgərovla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan general-mayor Elçin Quliyev 2002-ci il avqustun 24-nə təyin olunmuş referendumu Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq aktlarda təsbit olunmuş insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsinə yönəldilmiş mühüm bir addım olduğunu nəzərə çatdırdı.
Sərhəd Qoşunlarının şəxsi heyəti qarşısında çıxış edən Milli Məclisin deputatı referendum aktında nəzərdə tutulan dəyişikliklər, ümumxalq səsverməsinə çıxarılan layihənin bəzi məqamları barədə öz fikirlərini söylədi. Natiq əmin olduğunu bildirdi ki, 2002-ci ilin avqustun 24-də xalqımız referendumda fəal iştirak edəcək, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərin qəbul edilməsinə nail olacaq və nəzərdə tutulmuş dəyişikliklər ölkənin Əsas Qanununda öz əksini tapacaqdır.
Sonra Ziyafət Əsgərov zabitləri maraqlandıran suallara cavab verdi.
General-mayor E.Quliyev görüşə yekun vuraraq, Milli Məclisin deputatı Ziyafət Əsgərova təşəkkürünü bildirdi.