Göyçayda 12 kəndin elektrik enerjisi təminatını yaxşılaşdıracaq yeni yarımstansiya tikilir
Bakı, 4 noyabr, AZƏRTAC
Noyabrın 3-də Göyçay rayonunun Mırtı kəndi ərazisində “Azərişıq” ASC tərəfindən 35/10 kV-luq yarımstansiyasının tikintisi işlərinə başlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəkəsinin məlumatına əsasən, Mırtı yarımstansiyası rayonun 12 kəndini - Ləkçılpaq, Yalman, Qaraxıdır, Mırtı, Alıkənd, Cırqurd, Şəkər, Veysəlli, Çaxırlı, Alpout, Bəydövül və Qaraman kəndlərinin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılmasına xidmət edəcək.
5150 abonenti əhatə edən Mırtı yarımstansiyasında 7 ədəd 10 kV-luq yuvanın quraşdırılması və 7,1 kilometr məsafədə 35/10 kV-luq yeni elektrik xətlərinin çəkilməsi işləri də həyata keçiriləcək.