GÖYÇAYDA DAİRƏ VƏ MƏNTƏQƏ SEÇKİ KOMİSSİYALARI PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRLAŞIR
Ölkəmizdə ən böyük siyasi kampaniya olan prezident seçkilərinə Göyçay ictimaiyyəti də ciddi hazırlaşır. Oktyabrda keçiriləcək seçkilərə hazırlıq mərhələsi çərçivəsində artıq bir sıra mühüm işlər görülmüşdür.
Göyçay Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, bütün seçki məntəqələrinin yerləşdiyi binalarda əsaslı təmir işləri aparılmış, səsvermə yerləri qaydaya salınmış, lazımi invertarlarla təmin olunmuşdur. Seçki məntəqələrinin elektrik enerjisi və rabitə ilə təminatı xeyli təkmilləşdirilmiş, məntəqələr yerləşən ərazilərdə səliqə-sahman yaradılmış, müvafiq abadlıq işləri aparılmışdır.
Təbliğat və təşviqat materiallarının nümayiş etdirilməsi üçün xüsusi yerlər müəyyənləşdirilmiş və həmin ərazilərdə vahid ölçüdə təbliğat lövhələrinin yerləşdirilməsi təmin olunmuşdur. Seçki məntəqələrinin dislokasiyası dəqiqləşdirilərək sərhədləri müəyyənləşdirilmişdir. Müəyyən səbəbdən şəxsiyyət vəsiqəsi olmayan seçicilərin vəsiqə ilə təmin olunması üçün müvafiq iş aparılır. Bu məqsədlə hər həftə kəndlərdə səyyar qaydada yeni şəxsiyyət vərəqələrinin verilməsi üçün sənədlərin hazırlanması işləri təşkil edilir.
Həmçinin, seçici siyahıları dəqiqləşdirilir, dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seminarlar keçirilir, onlar Azərbaycan Respublikasının Seçki Məcəlləsi, seçici hüquqları, əsas anlayış və prinsiplər, seçkilərlə əlaqədar dairə və məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili, seçici hüquqlarının məhkəmə müdafiəsi, siyasi partiyalar və blokların seçkilərdə iştirakının əsasları barədə ətraflı məlumatlandırılır.
Hazırda rayonda 88 saylı Göyçay və 89 saylı Göyçay-Ağdaş seçki dairələri dairə seçki komissiyaları fəaliyyət göstərir. Göyçayda ümumilikdə 55 seçki məntəqəsi vardır. Rayonda seçicilərin ümumi sayı 57 min 913 nəfərdir.