Göyçayda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda konfrans keçirilmişdir
Göyçay, 5 dekabr (AZƏRTAC). Dekabrın 5-də Göyçay rayonunda “Heydər Əliyev və Azərbaycan səhiyyəsi” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonun səhiyyə işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Göyçay rayon Mərkəzi Xəstəxanasının baş həkimi Famil Zeynalov, YAP rayon təşkilatının sədr müavini, baş həkimin müavini Ləman Hacıyeva, rayon uşaq xəstəxanasının baş həkimi Şaban Osmanov, poliklinika şöbəsinin müdiri Arzu Burcalıyev çıxış etmişlər.
Çıxışlarda ümummilli lider Heydər Əliyevin nəsillərə nümunə olan zəngin və mənalı həyat yolundan geniş bəhs edilmiş, Azərbaycan səhiyyəsinin inkişafındakı əvəzsiz xidmətləri xatırlanmışdır. Qeyd edilmişdir ki, həyatını ölkəmizin tərəqqisinə və insanların xoşbəxtliyinə həsr edən müdrik dövlət xadimi bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafında da misilsiz xidmətlər göstərmiş, xalqın sağlamlıq məsələlərinə prioritet istiqamətlərdən biri kimi baxmışdır. Onun təşəbbüsü ilə səhiyyə sistemində aparılan islahatlar tibb ocaqlarının maddi-texniki bazasının möhkəmlənməsinə, xidmətin keyfiyyətcə yaxşılaşmasına zəmin yaratmışdır.
Postsovet məkanının digər dövlətləri ilə müqayisə aparan tibb işçiləri fəxr və qürur hissi ilə qeyd etmişlər ki, Azərbaycan səhiyyəsinin uğurları, maddi-texniki bazası, kadr potensialı, peşəkarlıq səviyyəsi onlardan xeyli üstündür. Bunun əsas səbəbi odur ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə səhiyyənin tərəqqisini təmin etmiş, 1993-cü ildə xalqın təkidli ilə hakimiyyətə qayıtdıqdan sonra təbabətin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri həyata keçirmişdir.
Səhiyyə işçiləri bildirmişlər ki, ölkəmizdə digər sahələr kimi, səhiyyənin inkişafına da dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərilir. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Son vaxtlar Göyçayda da səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində xeyli işlər görülmüşdür. Hazırda mərkəzi rayon xəstəxanasının binası əsaslı şəkildə təmir edilir.
Rayonun səhiyyə işçiləri bu diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.