Göyçayda şəhidin xatirəsinə həsr olunan tədbir: “Səhnədən səngərə”
Göyçay, 29 oktyabr, AZƏRTAC
Göyçay şəhər Uşaq Musiqi Məktəbində musiqi müəllimi işləmiş Vətən müharibəsinin şəhidi Alim İbrahimovun şəhadətə yüksəlməsinin ildönümü ilə əlaqədar “Səhnədən səngərə” adlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov, şəhidin ailə üzvləri, mədəniyyət müəssisələrinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhid Alim İbrahimovun həyatı haqqında məlumat verilib. Bildirilib ki, Alim İbrahimov 1993-cü il dekabrın 26-da Ucar rayonunun Qazıqumlaq kəndində dünyaya gəlib. Sonradan Alimin ailəsi Mingəçevir şəhərinə köçüb. O, ilk təhsilini Mingəçevir şəhər 4 saylı orta məktəbdə alıb. Hələ uşaq yaşlarından musiqiyə böyük həvəs göstərirdi. Bu istəklə 2004-2010-cu illərdə Bülbül adına Mingəçevir şəhər 2 saylı musiqi məktəbində qarmon ixtisası üzrə oxuyub. Alim musiqi məktəbini bitirdikdən sonra Milli Konservatoriyanın nəzdindəki Musiqi Kollecinə daxil olub. 2014-cü ildə həmin məktəbi qarmon müəllimi ixtisası üzrə bitirib. 2017-2020-ci illərdə Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləyib.
Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Alim də bir çox Vətən oğulları kimi cəbhəyə gedib, Talış, Suqovuşan istiqamətlərində döyüşüb və şəhidlik zirvəsinə yüksəlib. Onun nəşi noyabrın 2-də Mingəçevir şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb. Prezidentin Sərəncamı ilə ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qazanılan tarixi qələbədən danışıb, respublikamızın hər yerində, o cümlədən Göyçayda şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlərdən bəhs edib.
Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov çıxışında İdarənin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışan 6 əməkdaşın Vətən müharibəsində iştirak etdiyini söyləyib, Alim və onun kimi şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını vurğulayıb.
Göyçay şəhər Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Zamanov çıxış edərək bildirib ki, Alim İbrahimov 2017-ci ildə musiqi məktəbində qarmon müəllimi kimi çalışmağa başlayıb və fəaliyyəti dövründə bütün əməkdaşlar və şagirdləri tərəfindən sevilən bir müəllim olub.
Şəhidin qardaşı Aydın İbrahimov göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Sonra Ağdaş rayon Mədəniyyət Mərkəzinin rəssamı Məlahət İsmayıl tərəfindən çəkilən Alim İbrahimovun portreti şəhidin ailəsinə təqdim edilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən “Səhnədən səngərə” adlı layihə çərçivəsində Alim İbrahimova həsr olunan videoçarx nümayiş etdirilib.
Sonda Gəncə Dövlət Dram Teatrının təqdimatında “Şuşa, sən azadsan!” adlı tamaşa təqdim olunub.