Göyçayın İnçə kəndində təşkil edilən səhiyyə aksiyasında 236 nəfər müayinə olunmuşdur
Göyçay, 30 yanvar (AZƏRTAC). Göyçay Mərkəzi Rayon Xəstəxanasının təşkilatçılığı ilə İnçə kəndində sakinlərin profilaktik müayinəsi həyata keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzindən 30 kilometr aralıda yerləşən İnçə kəndində təşkil olunan xeyriyyə aksiyası zamanı səhhətində problemi olan insanların laborator müayinəsi aparılmışdır. Sonra terapevt, ginekoloq, pediatr, kardioloq və nevropatoloqlar sakinlərin səhhətləri ilə bağlı şikayətlərini dinləmiş və müvafiq müalicələr təyin etmişlər. Xəstələrin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunmuşdur.
Səhiyyə aksiyasında İnçə, Aşağı Qaraməryəm, Dövranlı, Alxasafa kəndlərindən olan 236 nəfər təmənnasız müayinə edilmişdir. Rayonun tanınmış həkimləri 6 nəfər yataq xəstəsini yerində müayinə etmiş, onların müalicəsi üçün lazımı işlər görmüşlər. Kənd sakinləri profilaktik müayinədən razı qalmışlar.
Mərkəzi rayon xəstəxanasının təşkilatçılığı ilə fevralda daha 4 ucqar kənddə əhalinin müayinəsi üçün bu cür xeyriyyə aksiyalarının keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, belə tədbirlər rayonda ənənəvi olaraq hər il keçirilir. Ötən il rayonun 10 ucqar kəndində xeyriyyə aksiyaları təşkil edilmişdi.