Göygöl Peşə Məktəbində tələbələrin əl işləri nümayiş olunub
Göygöl, 19 may, AZƏRTAC
Göygöl Peşə Məktəbində müəllim və tələbələrin iştirakı ilə “Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində məktəbdə tədris olunan ixtisaslar, tələbələrin hazırladıqları əl işləri, layihələr və əldə etdikləri nailiyyətlər nümayiş olunub. Qonaqlar sərgilərlə yaxından tanış olaraq, tələbələrin peşə bacarıqlarını və yaradıcılıq potensialını yüksək qiymətləndiriblər.
Çıxış edənlər ölkədə peşə təhsilinə göstərilən dövlət qayğısını vurğulayaraq, gənclərin müasir peşələrə yiyələnməsinin vacibliyini qeyd ediblər.
Canlı musiqi ifaları, rəqs təqdimatları və məzunların çıxışları tədbirə xüsusi rəng qatıb.
Müxbir - Elcan Məmmədov