“Green Conversation Club” layihəsi uğurla davam edir
Bakı, 20 sentyabr (AZƏRTAC). Ekoloji sahədə gənclərin maarifləndirilməsini özünün əsas məqsədlərindən biri kimi müəyyənləşdirən IDEA (International Dialogue for Environmental Action) Kampaniyası geniş auditoriyanı birləşdirən “Green Conversation Club” layihəsini bu il də uğurla davam etdirir.
IDEA Kampaniyasından AZƏRTAC-a bildirmişlər ki, hər həftə 20-dən artıq gəncin iştirak etdiyi “Green Conversation Club”un növbəti görüşü sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində keçirilmişdir.
Bu həftə klub çərçivəsində “Davamlı inkişaf və ərzaq təhlükəsizliyi” mövzusu müzakirə edilmişdir.
Müzakirələrdə fəal iştirak edən gənclər mövzu ətrafında öz fikirlərini bölüşmüşlər.
Tədbirə dəvət olunmuş ekspertin iştirakı ilə aparılan müzakirələrdə mövcud problemlər və onların həll yollarından söhbət açılmışdır.
“Green Conversation Club”da müzakirələrin ingilis dilində aparılması öz növbəsində gənclərin xarici dil bacarıqlarının inkişafına da təkan verir.
IDEA kampaniyası bu cür maarifləndirici, gənclərin inkişafına təkan verən layihələri mütəmadi olaraq həyata keçirir.
IDEA (International Dialogue for Environmental Action) Kampaniyası 2011-ci il iyul ayının 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən başladılmışdır.