“GUAM-IN İNKİŞAF STRATEGİYASI” KONFRANSI AZƏRBAYCANIN QURUMA SƏDRLİYİ DÖVRÜNDƏ TƏŞKİL OLUNAN SONUNCU TƏDBİRDİR
Tədbirdə üzv ölkələrin investisiya imkanlarına, istehsalatda elmi-texniki tərəqqinin roluna dair fikir mübadiləsi aparılmış, GUAM ölkələrində enerji təhlükəsizliyinin təmin olunması, iqtisadi təhlükə və risklərə qarşı birgə mübarizə məsələlərinə toxunulmuşdur.
Bundan əlavə, konfrans çərçivəsində GUAM ölkələrində maliyyə sektorunun inkişafının dünya iqtisadiyyatında rolu ilə bağlı işçi qrupunun üçüncü iclası keçirilmişdir.
Tədbirdə GUAM ölkələrinin Banklar Assosiasiyasının Əlaqələndirmə Şurasının yaradılmasına dair layihə sənədi imzalanmışdır.
Tədbirin yekunları ilə bağlı keçirilən mətbuat konfransında GUAM-ın baş katibi Valeri Çeçelaşvili bildirmişdir ki, konfransda maraqlı müzakirələr aparılmış, konkret təkliflər səslənmişdir. Bu təkliflərin çoxu GUAM-ın iyulda Tbilisidə keçiriləcək növbəti sammitinin sənədlərində əks olunacaqdır.
GUAM ölkələrinin Banklar Assosiasiyasının yaradılmasının önəmli hadisə olduğunu qeyd edən V.Çeçelaşvili demişdir ki, GUAM-ın əsas prioritetlərindən biri üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığı dərinləşdirməkdir. Əməkdaşlıq və inteqrasiya məsələləri GUAM-ın bundan sonrakı tədbirlərində də əsas mövzulardan biri olacaqdır.
Baş katib GUAM ölkələri ərazisindəki münaqişələrlə bağlı qətnamə layihəsinin BMT Baş Məclisində qəbulu ilə bağlı məsələyə də toxunmuşdur. O demişdir ki, bu yaxınlarda Baş Məclisdə Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət və Abxaziyadan olan köçkünlərin və qaçqınların statusu haqqında qəbul edilmiş qətnamələr onu deməyə əsas verir ki, ölkələrimizin beynəlxalq aləmdə mövqeləri möhkəmlənmişdir. İnanıram ki, biz GUAM ölkələri ərazisindəki münaqişələrlə bağlı qətnamə layihəsinin qəbulu məsələsində kifayət qədər dəstək ala biləcəyik.
Konfransda səslənmiş əsas fikir və tövsiyələrdən ibarət hesabat hazırlanacaqdır.