GÜLƏŞ ÜZRƏ AZƏRBAYCAN KUBOKU YARIŞLARI BAŞLANDI
Bakı, 18 dekabr (AZƏRTAC). Bu gün Heydər Əliyev adına İdman Konsert Kompleksində sərbəst güləş və yunan-Roma güləşi üzrə Azərbaycan kuboku yarışları start götürmüşdür.
Turnirdə Olimpiya çempionu və ikiqat dünya çempionu Fərid Mansurovdan başqa ölkə güləşçilərinin demək olar ki, hamısı iştirak edir. Yarışların qaliblərinə və mükafatçılarına fəxri diplomlar və pul mükafatları təqdim ediləcəkdir. Turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyası tərəfindən təşkil edilmişdir.
Turnirin açılışında çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev başa çatmaqda olan ildə Azərbaycan güləşçilərinin böyük uğurlar qazandığını qeyd etmişlər. Mövsümün əvvəlində sərbəst güləş üzrə yığma komandamız Tehranda keçirilən dünya kuboku yarışlarının qalibi olmuşdur. Aprel ayında Vilnüsdə Avropa Çempionatında da yığma komanda zəfər yürüşünü davam etdirmişdir. Həmin turnirdə sərbəst güləşçilərimiz 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutmuşlar. Sentyabr ayında Danimarkanın Herninq şəhərində keçirilmiş Dünya çempionatında isə güləş üzrə ölkəmizi təmsil edən üç komandanın hər biri yaxşı nəticələr göstərmişdir. Qadınlardan ibarət yığma komanda birinci yeri, sərbəst güləşçilər ikinci, yunan-Roma güləşçiləri isə üçüncü yeri tutmuşlar.
Çıxış edənlər vurğulamışlar ki, bu nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə bədən tərbiyəsinin və idmanın inkişafına göstərdiyi diqqət və qayğının məntiqi nəticəsidir. Natiqlər ümidvar olduqlarını bildirmişlər ki, Azərbaycan güləşçiləri London Olimpiadasında da ölkəmizi layiqincə təmsil edəcəklər.
Yarışların birinci günü sərbəst güləşçilər arasında Namiq Sevdimov (55 kq), Emil Əzizov (66 kq), Şərif Şərifov (84 kq) və Əli İsayev (120 kq) öz çəki dərəcələrində ilk qələbələrini qazanmışlar.
######
![]() |
![]() |
![]() |


