Gürcü politoloq: ABŞ Qafqazda sülhün olmasını istəmir
Tbilisi, 17 noyabr, AZƏRTAC
Bu gün bəzi Qərb dövlətləri ilə yanaşı, ABŞ-ın regiona yersiz müdaxilələri müşahidə olunur. Birləşmiş Ştatlar Cənubi Qafqaz ölkələrinə yardım edir. Lakin Azərbaycan bu yardımı ala bilmir. ABŞ-ın Azərbaycana niyə humanitar və texniki yardımlar göstərməkdən imtina etməsi, yəni, məlum 907-ci düzəlişi qüvvədə saxlaması gürcü ictimaiyyətində də narahatlıq və sual doğurur. Düşünürəm ki, bunun yalnız bir cavabı var. ABŞ sülh içində olan Qafqazı öz oyun və məqsədlərinə alət edə bilməyəcəyindən narahatdır. Ona görə də ikili oyun oynayır, Qafqazda vəziyyəti yenidən gərginləşdirmək istəyir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze söyləyib.
Onun sözlərinə görə, bəzi qüvvələr, o cümlədən ABŞ Qafqazda münaqişə olmağını istəyirlər ki, bundan istifadə edib öz məqsədlərinə çatsınlar. Qarabağ məsələsi öz həllini tam tapdığından Qafqaza müdaxilə üçün səbəb qalmır.
Siyasətçi deyib: “Qafqazda sülhün olması Azərbaycan, Gürcüstan və Ermənistan üçün çox vacibdir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması Qafqazda sülhün təsdiq olunması deməkdir. ABŞ-ın qəbul etdiyi qərar isə sülhə qarşı olan qərardır. Onların bu qərarını başa düşmək olmur. Ona görə ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Belə olan halda sual yaranır, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra niyə belə qərar qəbul edirlər?”.
Oxşar addımların Gürcüstan üçün də atıldığını diqqətə çatdıran Levan Mamaladze əlavə edib: “ABŞ 2024-cü ilin prezident seçkilərində Gürcüstana daimi müşahidə missiyasını göndərmək istəyir. Daimi müşahidə missiyası nə deməkdir axı? Bu hərəkətlərdə biz onların məkrli planlarının görə bilərik. ABŞ Qafqazda təsir gücünə malik olmaq, sülhə maneə yaratmaq üçün hər vəchlə çalışır. Ona görə də bu, tək Gürcüstan və Azərbaycan üçün yox, həm də Ermənistan üçün bir siqnal olmalıdır. Bu səbəbdən sülh müqaviləsi tez bir zamanda imzalanmalıdır ki, xalqların rifahına zidd addımların atılmasına, sülhün, sabitliyin pozulmasına heç kim şərait yarada bilməsin”.
Gürcü politoloq sonda əlavə edib: “Prezident İlham Əliyevin siyasəti bir daha sübut etdi ki, ərazi bütövlüyü necə bərpa olunur. Təbii ki, bu siyasət həm bizə, həm də Ermənistana nümunə olmalıdır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi