Gürcüstanda Müdafiə Qüvvələri Günü qeyd olunub
Tbilisi, 1 may, AZƏRTAC
Gürcüstanda Müdafiə Qüvvələri Günü qeyd olunub. Müdafiə Qüvvələrinin yaranmasının 32-ci ildönümü ilə əlaqədar Tbilisi yaxınlığındakı Vaziani 4-cü piyada briqadasının ərazisində Gürcüstanın dövlət bayrağının və müdafiə qüvvələrinin bayrağının təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gürcüstan dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev mərasimdə iştirak edib, qonşu ölkənin rəsmilərini əlamətdar gün münasibətilə təbrik edib.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Gürcüstanda istehsal olunan və xaricdən alınan silah və texnikanın sərgisinə baxış keçirilib.
Parad meydanında Gürcüstanın “Delta” istehsalat müəssisəndə istehsal olunan müxtəlif çaplı minaatan və snayper tüfəngləri, qumbaraatanlar, “Didiqori Meomari” döyüş maşınları, “Medevak” tibbi-təxliyə zirehli maşını və inteqrasiya olunmuş şəbəkə maşını nümayiş etdirilib.
Mərasimdə, həmçinin orduya çağırılan yeni əsgərlər hərbi and içiblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi