Gürcüstandan olan şəhidlər haqqında film çəkilir, kitab hazırlanır
Tbilisi, 4 noyabr, AZƏRTAC
Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi əbədiləşdiriləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkədə olan şəhid ailələrinin üzvləri ilə görüşdə söyləyib.
Səfir deyib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən bütün şəhidlərin adları əbədiləşdiriləcək, onların, eləcə də qazilərimizin ailələri diqqət və qayğı ilə əhatə olunur. Gürcüstandan olan şəhidlər haqqında film çəkilir, eyni zamanda, onlar barədə kitab hazırlanır.
Bundan başqa, üzərində şəhidlərin fotosu olan xüsusi poçt markaları hazırlanıb. Bu markalar da şəhid ailələrinə təqdim olunacaq.
Diplomat onu da bildirib ki, Gürcüstandakı Azərbaycan dillər məktəblərin şagirdləri arasında rəsm və inşa yazı müsabiqəsi keçirilib. Bu da Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan dövlətinə dəstəyinin, eləcə də məktəblilərin və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin nümunəsidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi