Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirir
Qardabani, 23 fevral (AZƏRTAC). Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı Kvemo Kartli-Borçalı bölgəsində Xocalı faciəsi ilə əlaqədar tədbirlər keçirir.
Dmanisidən sonra Qardabani rayonundakı tədbirdə ittifaqın sədri Leyla Məmmədova Xocalı faciəsi barədə ətraflı məlumat vermiş, fevral ayının “Xocalı ayı” elan etdiklərini və silsilə tədbirlərə başladıqlarını bildirmişdir. Diqqətə çatdırılmışdır ki, növbəti aksiya Marneulidə keçiriləcək və yekunda Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsinin yanından Vaxtanq Qorqasalinin heykəlinədək yürüş təşkil ediləcəkdir. Qeyd olunmuşdur ki, məqsəd gənclərə, gürcü ictimaiyyətinə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı barədə ətraflı və obyektiv məlumat verməkdir. Xocalı XX əsrin sonlarında törədilmiş ən dəhşətli qətliamdır.
L.Məmmədova Gürcüstanın azərbaycanlı gənclərinin, ziyalılarının Ağ Evin saytında yerləşdirilmiş petisiyalara imzatoplama kampaniyasında fəal iştirak etdiklərini vurğulamışdır. O, əmin olduğunu bildirmişdir ki, bu kampaniya beynəlxalq təşkilatların ikili standartlardan əl çəkmələrinə müsbət təsir göstərəcəkdir.
El ağsaqqalı Halay Məsimov bir gecədə bütöv bir şəhərin yer üzündən silinməsinin erməni vəhşiliyinin xalqımıza qarşı törətdiyi soyqırımı olduğunu bildirmişdir. Xocalıda yüzlərlə dinc sakinin - uşaqların, qadınların, qocaların amansızcasına qətlə yetirilməsinə hələ də dünya ictimaiyyətinin göz yumması təəssüfdoğurucu hal kimi qiymətləndirilmişdir.
Nəzərli ictimai məktəbinin direktoru Elxan Abdullayev Xocalı nisgilinin hər bir azərbaycanlının qəlbini incitdiyini, xalqımızın artıq 21 ildir bu dərdlə acı ilə yaşadığını vurğulamışdır. İnanırıq ki, tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək və biz Qarabağda belə tədbirlər keçirib şəhidlərimizin ruhunu sevindirəcəyik.
Digər çıxışlarda da Xocalı soyqırımının yalnız Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı törədilmiş cinayət olduğu vurğulanmışdır.
Tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotolardan və kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qardabani