Gürcüstanın “Sakartvelos Respublika” qəzetində Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
Tbilisi, 12 may, AZƏRTAC
Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan və Gürcüstan xalqlarının dostluğu dünyaya nümunədir” sərlövhəli məqalədə Ulu Öndər, fenomen şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti barədə oxuculara ətraflı məlumat verilib. Ümummilli Liderin xatirəsinin təkcə Azərbaycanda deyil, Gürcüstanda da ehtiramla yad olunduğu qeyd edilib.
Bildirilib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyev istər Bakıda, istərsə də Moskvada çalışdığı vaxtlarda qonşu Gürcüstanın da inkişafına xüsusi diqqət yetirib. Məhz Ulu Öndərin uzaqgörən və gələcəyə hesablanmış siyasəti nəticəsində regionda həyata keçirilən enerji və nəqliyyat layihələri təkcə Azərbaycan xalqının deyil, həmçinin gürcü xalqının da rifah halının yaxşılaşmasına xidmət edib.
Məqalədə Ulu Öndər Heydər Əliyevin Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri xüsusi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi