Hacıqabul: məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 77,8 faiz təşkil edib
Hacıqabul, 21 aprel, Mahir Babayev, AZƏRTAC
2018-ci ilin birinci rübündə Hacıqabulun sosial-iqtisadi və mədəni həyatında uğurlu nəticələr qazanılıb. İqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışın həcmi 58,3 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9 milyon manat çoxdur. Məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 77,8 faiz təşkil edib. İlin üç ayında kənd təsərrüfatı məhsullarının həcmi 26 min 131 manat, sənayedə məhsul buraxılışının həcmi 5649.8 min manat, ticarətdə isə 18734.3 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 9,6, 31,6 və 9,1 faiz çoxdur. Hesabat dövründə rayonda iqtisadiyyatın bütün sahələri üzrə əsaslı kapitala yönəldilən investisiyanın ümumi həcmi 7182 min manata çatıb. Bu isə 2017-ci ildəki göstəricidən 462,9 manat çoxdur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə rayonda cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov məlumat verib.
Qeyd olunub ki, cari ilin məhsulu üçün rayon ərazisində ötən il 41 min 951 hektar taxıl əkilib. Bu, bir il əvvəlkindən 27 min 542 hektar çoxdur. Əkilən taxılın 31 min 288 hektarını buğda, 10 min 663 hektarını isə arpa sahəsi təşkil edir. Hesabat dövründə rayonda 286 hektarda tərəvəz, 62 hektarda bostan, 20 hektarda kartof, 117 hektarda şəkər çuğunduru əkilib.
Ötən dövrdə Prezident İlham Əliyevin kənd təsərrüfatının daha da inkişaf etdirilməsi məqsədilə verdiyi tapşırıq və tövsiyələrin, qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi, pambıq istehsalının artırılması, baramaçılığın inkişafı, yeni aqroparkların salınması istiqamətində rayonda bir sıra işlər görülüb və bu işlər hazırda da davam etdirilir.
Cari ildə rayonda 1300 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub ki, bu da keçən ilin pambıq əkinindən 96,1 hektar və ya 10,7 faiz çoxdur. Pambıq əkini ilə bağlı istehsalçılarla “Hacıqabul Kənd Təsərrüfatı” MMC arasında xam pambığın istehsalı və alqı-satqısına dair müqavilələr bağlanılıb. Hazırda intensiv səpin işləri həyata keçirilir. Bu mövsüm rayonda 2600 tondan çox xam pambıq istehsal etmək nəzərdə tutulur.
Rayonda baramaçılığın inkişafı da mühüm əhəmiyyət kəsb edən sahələrdən biridir. Bu məqsədlə ötən illərdə 38 min ədəd tut (çəkil) tingi əkilib və cari ildə də bu iş davam etdiriləcək. Cari ildə rayonda 3 ton barama istehsalı nəzərdə tutulur. Hazırda barama istehsalı ilə məşğul olacaq şəxslərin müəyyənləşdirilməsi və hazırlıq işləri aparılır.
Hesabat dövründə rayonda 5059 ton süd, 2316 ton ət (diri çəkidə), 73806 min ədəd yumurta istehsal edilib. Rayon üzrə iribuynuzlu heyvanların sayı 38922 baş, xırdabuynuzluların sayı isə 137136 başa çatıb. Quşların baş sayı 384 min baş artaraq 3799 min baş olub.
Yığıncaqda qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar hesabat dövründə rayonda mühüm layihələr həyata keçirilib, tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilib. Təhsil, səhiyyə və mədəniyyət ocaqlarında, məktəbəqədər təhsil müəssisələrində əsaslı təmir işləri aparılıb. Ötən dövrdə 19 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən 48 kilometr uzunluğunda Qarasu-Abdullaabad-Talış-Meyniman-Muğan avtomobil yolunun tikintisi davam etdirilib, yolun 48 kilometrlik hissəsində torpaq yatağı hazırlanmış 37,5 kilometr hissəyə asfalt örtüyü döşənib.
Hesabat yığıncağında rayonda əhalinin elektrik enerjisinə, təbii qaza və suya olan tələbatının yaxşılaşdırılmasından, təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə görülən işlərdən də bəhs edilib.
Yığıncaqda müzakirə edilən məsələlərlə bağlı qərar qəbul olunub.