Hacıqabulda 10 kəndi birləşdirən yol yenidən qurulur VİDEO
Bakı, 4 aprel, AZƏRTAC
Hacıqabul rayonunda 19 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Qarasu-Abdulabad-Talış-Meyniman-Muğan avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, uzunluğu 51,5 kilometr olan yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur.
Layihəyə görə, yolun çiyinlərinin eni hər bir istiqamət üzrə 2 metr, 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissəsinin eni isə 6 metr nəzərdə tutulub.
Layihə çərçivəsində hazırda sözügedən avtomobil yolunda torpaq işləri aparılır, yeni yol yatağı və yol əsası inşası yekunlaşmaq üzrədir. Torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirmə işləri görülür.
Torpaq işlərinə paralel olaraq, hazır olan hissələrə isə 2 qat asfalt-beton örtüyü döşənir. Artıq yolun 30 kilometrə yaxın hissəsində asfaltlanma işləri yekunlaşıb.
Ümumilikdə isə 300 min kvadratmetr ərazinin asfaltlanması işləri aparılacaq. Asfalt döşənən ərazilərdə çiyin hissələrin bərkidilməsi işləri də görülür. Eyni zamanda suların ötürülməsi üçün 15 yerdə ümumi uzunluğu 300 poqonmetr müxtəlif diametrli dəmir-beton borular da quraşdırılır.
Yolun tikintisi yekunlaşandan sonra hərəkətin normal təşkili üçün zəruri olan yerlərdə təhlükəsizlik dirəkləri, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, xətlənmə işləri aparılacaq.