Hakan Kılıç: Azərbaycan Prezidentinin Özbəkistana səfəri Türk dünyası baxımından mühüm hadisədir
Bakı, 24 avqust, AZƏRTAC
Prezident İlham Əliyevin Özbəkistana səfəri yalnız Azərbaycan-Özbəkistan ikitərəfli münasibətləri baxımından deyil, Türk dünyasının gələcək siyasi və iqtisadi quruluşu baxımından da mühüm hadisədir. Səfərin əsas siyasi nəticələrindən biri Prezident İlham Əliyev ilə Prezident Şavkat Mirziyoyev tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanmasıdır. Bununla yanaşı, Ali Dövlətlərarası Şuranın 3-cü iclasının keçirilməsi iki ölkə arasında münasibətlərin yalnız liderlər səviyyəsində siyasi iradə əsasında deyil, həm də institusional mexanizmlər çərçivəsində inkişaf etdirildiyini göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Polemik Medya”nın İdarə Heyətinin sədri Hakan Kılıç söyləyib.
O bildirib ki, iqtisadi sahədə də konkret hədəflər müəyyənləşdirilib. Tərəflər 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılmasını nəzərdə tutan proqram qəbul ediblər. İnvestisiya və ticarət sahəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair ayrıca fəaliyyət planının qəbul edilməsi iqtisadi əməkdaşlığın institusional əsaslarını gücləndirir. Energetika, mədənçilik, tekstil, kənd təsərrüfatı, şəhərsalma və sənaye kimi müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Son beş ildə iki ölkə arasında ticarət dövriyyəsinin təxminən üç dəfə artması müəyyən edilmiş hədəflərin mövcud iqtisadi tendensiyalarla uyğunluğunu göstərir.
Səfərin strateji əhəmiyyəti Azərbaycanın və Özbəkistanın bir-birini tamamlayan iki coğrafi mövqedə yerləşməsi ilə bağlıdır. Özbəkistan Mərkəzi Asiyanın mərkəzində yerləşməsi, əhalisi, istehsal potensialı və bazar imkanları ilə seçildiyi halda, Azərbaycan Xəzər dənizinin qərb sahilində Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən mühüm tranzit ölkə mövqeyindədir.
Bu çərçivədə görüşlər zamanı Orta Dəhlizin birgə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi diqqətəlayiqdir.
"Qlobal ticarətdə alternativ və təhlükəsiz nəqliyyat marşrutlarının əhəmiyyəti getdikcə artır. Çindən və Mərkəzi Asiyadan başlayaraq Xəzər dənizi üzərindən Azərbaycana, oradan isə Türkiyə vasitəsilə Avropaya uzanan Orta Dəhliz iqtisadi funksiyası ilə yanaşı, geosiyasi baxımdan da mühüm əhəmiyyət daşıyan nəqliyyat xəttidir.
Bu baxımdan Azərbaycan yalnız mühüm enerji istehsalçısı kimi deyil, həm də Mərkəzi Asiya ilə Türkiyə və Avropa arasında strateji bağlantını təmin edən logistika mərkəzi kimi önə çıxır. Zəngəzur vasitəsilə Naxçıvan və Türkiyə istiqamətində nəqliyyat imkanlarının inkişaf etdirilməsi sözügedən nəqliyyat arxitekturasını gələcəkdə daha da gücləndirə biləcək amillərdən biri kimi qiymətləndirilə bilər.
Bu inkişafları Türk Dövlətləri Təşkilatının fəaliyyətindən ayrı nəzərdən keçirmək mümkün deyil. Təşkilatın gələcək əməkdaşlıq imkanları ortaq tarix, dil və mədəni bağlarla yanaşı, ticarət, investisiya, enerji və nəqliyyat şəbəkələrinin inkişaf etdirilməsindən də asılıdır. Azərbaycanın Özbəkistan, Qazaxıstan və Qırğızıstanla yaratdığı birgə investisiya mexanizmləri bu iqtisadi inteqrasiya prosesinin konkret nümunələri sırasındadır.
Azərbaycan-Özbəkistan yaxınlaşması regional iqtisadi və logistika əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Türkiyə Azərbaycan vasitəsilə Xəzər dənizinə və Mərkəzi Asiyaya uzanan iqtisadi və nəqliyyat zəncirinin qərbdəki əsas halqalarından biridir. Bu səbəbdən Azərbaycan və Özbəkistan arasında münasibətlərin inkişafı Türkiyə-Azərbaycan-Mərkəzi Asiya xətti üzrə əməkdaşlıq potensialını da artırır", - deyə H.Kılıç vurğulayıb.
Türk jurnalist əlavə edib ki, səfər çərçivəsində mədəniyyət, turizm və sosial təminat sahələrində sazişlərin imzalanması ilə yanaşı, Ürgənc-Xankəndi, Buxara-Laçın və Ürgənc-Naxçıvan arasında qardaşlaşmış şəhər münasibətləri yaradılıb. Bu razılaşmalar iqtisadi və siyasi yaxınlaşmanın mədəni əlaqələr və xalqlararası münasibətlərlə dəstəklənməsinə yönəlmiş yanaşmanı əks etdirir.
Səfəri üç səviyyədə qiymətləndirən jurnalist əlavə edib: “Birincisi, Azərbaycan ilə Özbəkistan arasında strateji münasibətlərin daha da institusional xarakter alması, ikincisi, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və nəqliyyat əsaslı əməkdaşlığın gücləndirilməsi, üçüncüsü isə Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa xəttinin getdikcə daha aydın şəkildə formalaşan geoiqtisadi oxuna çevrilməsi.
Bu çərçivədə, Prezident İlham Əliyevin Özbəkistana səfəri iki ölkə arasındakı diplomatik münasibətlərin hüdudlarını aşan, Türk dünyasında iqtisadi və geosiyasi əməkdaşlığın inkişafına yönəlmiş konkret addımlardan biri kimi qiymətləndirilə bilər”.