Hannover şəhərində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib
Hannover, 23 fevral, AZƏRTAC
Almaniyanın Aşağı Saksoniya federal əyalətinin paytaxtı Hannover şəhərində Atatürkçü Düşüncə Dərnəyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib.
Konfransda professor Mehmet Perinçek apardığı elmi-tədqiqat işlərinin nəticələri və arxiv sənədləri əsasında uydurma “erməni soyqırımı” iddialarını puça çıxardığını söyləyib. Tədbir zamanı onun müəllifi olduğu bir çox kitablar informasiya stendində çoxsaylı tamaşaçıların diqqətinə çatdırılıb.
Daha sonra M.Perniçek ilə konfrans iştirakçıları arasında diskussiya aparılıb, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Konfransda iştirak edən “Xəzər” Alman-Azərbaycan Cəmiyyətinin sədri Etibar Qəniyev Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı törədilmiş faciə olduğunu vurğulayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Hannover