Havanın temperaturu enəcək, intensiv yağış, qar yağacaq YENİLƏNİB
Bakı, 28 yanvar, AZƏRTAC
Ölkə ərazisində yanvarın 29-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4°, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 766 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi bölgələrdə isə qar yağacağı proqnozlaşdırılır. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 7-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı bildirilir.
Sinoptiklərin xəbərdarlığına görə, yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Həmçinin yanvarın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Xəbərdarlığa əsasən, ölkə ərazisində yanvarın 28-i və 29-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının arı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 28-i və 29-da qərb küləyinin əsəcəyi, bəzi rayonlarda sürətinin arabir 15-20 metr olacağı, bəzi Kür çökəkliyi rayonlarında arabir 23-28 metrədək güclənəcəyi ehtimal edilir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yağıntının gecə ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, arabir sürətlənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 6°-dək şaxta, gündüz 3-8° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacağı bildirilir.
Gəncə şəhərinin, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi yerlərində yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 6-10° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində yağış, dağlıq ərazilərdə qar yağacağı, duman olacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 7-11° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Şimal-şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-5°, gündüz 7-9° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacağı bildirilir.