Hazırda aorta qapaq problemlərinin bir çoxu əməliyyatsız üsulla həll edilə bilir
Bakı, 2 aprel, AZƏRTAC
"A-dan Z-yə AORTA" konfransı Azərbaycan Kardiologiya Cəmiyyəti, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti, Türkiyənin Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti və Türk Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunub. Digər konfranslardan fərqli olaraq bugünkü konfrans kiçik bir mövzu - sadəcə ürəkdəki qapaqlardan biri haqqındadır. Mövzunu belə seçdik ki, toplantıda bir ürək qapağı haqqında ətraflı müzakirə apara bilək.
Tədbirdə aorta qapaq, onun problemləri, xəstəlikləri, müalicə üsulları barədə müxtəlif mövzularda məruzələr dinlənildi. Bu barədə tibbin yenilikləri də var. Bunları öyrənmək üçün Türkiyədən, İsraildən həkimlər dəvət olunub.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun sədri Üzeyir Rəhimov deyib.
Ü.Rəhimov bildirib ki, hazırda aorta qapaq problemlərinin bir çoxu əməliyyatsız üsulla həll edilə bilir: "Bu sahədə çox böyük təcrübəsi olan Türkiyə və İsraildən 9 məruzəçimiz var. Toplantıda 320 kardioloq iştirak edir. Bu, pandemiya başlayandan sonra çox böyük bir saydır. Düşünürəm ki, bu, Azərbaycan kardioloqları üçün faydalı olacaq və xalqımızın rifah səviyyəsini daha da artıracaq. Bizim hədəfimiz Azərbaycan kardiologiyasının səviyyəsini yüksəltməkdir".