SİYASƏT
Hədəfimiz qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılmasıdır - RƏY
![Hədəfimiz qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılmasıdır - RƏY](/files/2023/3/1200x630/16951209256195153655_1200x630.jpg)
Bakı, 19 sentyabr, AZƏRTAC
Dünən Ağdam-Xankəndi və Laçın-Xankəndi yolu ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin eyni vaxtda keçidinin təmin olunması tarixi hadisədir. Xüsusilə Laçın dövlət sərhədindən buraxılış məntəqəsindən keçən yükün ölkəmizin qanunvericiliyinə müvafiq şəkildə gömrük yoxlamalarından sonra Xankəndiyə buraxılması Azərbaycanın diktə etdiyi yeni reallığın, suveren hüquqlarımızın xarici dövlətlər tərəfindən bir daha etirafı və qəbuludur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Azay Quliyev söyləyib.
Onun sözlərinə görə, bir çox erməni havadarlarının, o cümlədən Ermənistanın və onun Qarabağdakı oyuncaq xunta rejiminin uzun müddət davam edən əsassız müqavimətinə, pozuculuq fəaliyyətinə, ən müxtəlif səviyyələrdə edilən təzyiqlərinə, təhdidlərinə baxmayaraq, Azərbaycan dövləti, Prezident İlham Əliyev bir addım da olsa milli maraqlarımızdan geri çəkilmədi, qarşıya qoyulan çox çətin bir vəzifənin öhdəsindən layiqincə gəldi.
“Bundan sonra dünya separatçıları, Robert Menendez kimi korrupsioner siyasətçilər, Yuri Kimin timsalında mövqeyini ilk təzyiqdə dəyişən qorxaq məmurlar və Avropa Parlamentindəki anti-Azərbaycan xor dərnəyi "blokada", "soyqırımı", "humanitar fəlakət" tərzindəki iyrənc yalanlarla Azərbaycanın üzərinə gələ bilməyəcəklər.
Əsas hədəfimiz isə qanunsuz hərbi birləşmələrin Qarabağdan çıxarılması, orada yaşayan erməni sakinlərin siyahıya alınması və reinteqrasiya prosesini başlamaq üçün lazımi digər addımların atılması olacaq”, - deyə deputat əlavə edib.