HƏLƏ 9 MİN İL ƏVVƏL DİŞ HƏKİMLƏRİ VAR İDİ
Jurnalın yazdığına görə, dişlər estetik baxımdan deyil, müalicə məqsədi ilə yonulmuşdur. Neolit dövründə dənli bitkilər əkinçiliyinin və heyvandarlığın inkişafı kənd sakinlərinin sağlamlığının pisləşməsinə qismən təsir göstərmişdir. Şəkərlə daha zəngin yeni ərzaq məhsullarından istifadə edilməsi, ağız boşluğunun gigiyenasına riayət olunmaması diş minasının vəziyyətinin pisləşməsinə, karies xəstəliyinin artmasına gətirib çıxarmışdı.
Görünür, zinət əşyalarının hazırlanmasında istifadə olunan oyma texnikasını gözəl bilən Merqarx sənətkarları eyni texnikanı müalicəvi məqsədlər üçün də tətbiq etməyə başlamışdılar. Onlar çaxmaqdaşıdan balaca başlığı olan ağac qurğunun köməyi ilə millimetr diametrində dəliklər aça bilirdilər. Doğrudur, dişlərə plomb qoyulmasını təsdiqləyən heç bir əlamət tapılmamışdır. Lakin ola bilsin, bu dəliklər asfalta bənzər maddə ilə doldurulurmuş.
Arxeoloqlar öz fərziyyələrini yoxlamaq üçün həmin əməliyyatı təkrar etməyə çalışmışlar. Onlar çəkilmiş insan dişlərində belə oyuqları bir dəqiqədən də az müddətdə açmışlar.
Nekropolda tapılan 4 min dişdə cəmi 11 oyuq stomatologiyanın mənşəyi haqqında fərziyyənin təsdiq edilməsi üçün kifayətdirmi? Puatye Universitetinin antropoloqu Roberto Makkiarelli demişdir: “Nəzərə almaq lazımdır ki, oyuğun açılması ilə insanın ölümü arasında bəzən çoxillik vaxt çərçivəsi olmuşdur. Gigiyenaya əməl olunmaması nəticəsində daha da ağırlaşan dişlərin təbii aşınması prosesi xarici müdaxilənin izlərini məhv edirdi. Ona görə də şübhə doğurmayan 9 halın tədqiqi ilə kifayətləndik. Bu kəşfdən sonra regionda qeyri-sabit vəziyyət üzündən arxeoloji qazıntılar dayandırılmışdır”.