HƏMVƏTƏNLƏRİMİZİN PROBLEMLƏRİ ÖYRƏNİLİR
Qüdsi Osmanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, indiki səfər və vilayət rəhbərliyi ilə görüşlər Rusiya Federasiyasının ərazisində yaşayan və işləyən həmvətənlərimizin problemlərinin tənzimlənməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığının yerinə yetirilməsi ilə bağlıdır. Səfərdən məqsəd Azərbaycan diasporunun həyat tərzini öyrənməkdən, qeyri-leqal azərbaycanlı miqrantlara qeydiyyat üçün müvafiq sənədlərin tərtibində hüquqi yardım göstərilməsindən və həmvətənlərimizin qarşılaşdıqları bir sıra digər məsələləri həll etməkdən ibarətdir. O vurğulamışdır ki, bu səfər Rusiyanın bütün Şimal-Qərb regionundakı Azərbaycan diasporunu möhkəmlətməkdən və sıx birləşdirmək baxımından da vacibdir.
Vilayətin rəhbərliyi ilə görüşlərdə miqrasiya siyasəti haqqında Rusiya qanunvericiliyində dəyişikliklər, habelə Azərbaycanın səlahiyyətli orqanları ilə bu sahədə əməkdaşlıq məsələlərinə toxunulmuşdur. Vilayətin miqrasiya xidmətinin nümayəndələri bildirirlər ki, miqrantların deportasiya olunmasında maraqlı deyillər və onların müəyyən edilmiş qaydalara əsasən leqallaşdırılmasına çalışırlar. Azərbaycanın Baş konsulluğu nümayəndələrinin vilayətə yeni səfərləri barədə razılaşma əldə edilmişdir.
Vilayət miqrasiya xidmətinin məlumatına görə, hazırda Murmansk vilayətində 22 min azərbaycanlı yaşayır, onların 8 min nəfəri Rusiya vətəndaşıdır.