Hərbi hissədə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir
Qəbələ, 18 yanvar (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə hərbi hissədə 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş guşəyə baxmışlar. Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İdarənin rəisi Fəxri Soltanov 1990-cı il yanvarın 20-də Bakıda törədilən kütləvi qırğınlar barədə məlumat vermiş, bu faciənin insanlığa qarşı yönəlmiş hərbi cinayət olduğunu bildirmişdir.
Qeyd edilmişdir ki, həmin faciəli günlərdə ürəyi öz xalqı ilə bərabər döyünən, xalqının şərəf və ləyaqətini hər şeydən uca tutan ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qanlı qırğına kəskin etirazını bildirməsi, həqiqəti bütün dünyaya çatdırması hadisələrin sonrakı gedişinə əhəmiyyətli təsir göstərmişdir. Bu faciəyə məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra hüquqi-siyasi qiymət verilmişdir.
Hərbi hissəsinin, rayon təhsil şöbəsinin nümayəndələri çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar faciəsində şəhid olan soydaşlarımızın xatirəsinin yaddaşlardan heç vaxt silinməyəcəyini bildirmişlər.
Tədbir orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilmişdir.
Sonda 20 Yanvar gecəsi Bakıda baş verən hadisələri əks etdirən sənədli film nümayiş olunmuşdur.