Hərəniz bir çiçəksiz...
Şəki, 1 iyun, AZƏRTAC
Rasim Ocaqov adına Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Hərəniz bir çiçəksiz” adlı bayram tədbiri keçirilib. Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Təhsil İdarəsi, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi, Elm və Təhsil İşçiləri və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları Şəki şəhər komitələrinin dəstəyi ilə keçirilən tədbirdə şəhid övladları, məktəblilər və onların valideynləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasəti haqqında videoçarx nümayiş etdirilib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bayram münasibətilə uşaqları təbrik edib, onlara xoş arzularını bildirib. Qeyd olunub ki, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi məhz onların əlindədir. Uşaqların müdafiəsinə qoşulmaq hamımızın borcudur. Ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan icra başçısı bildirib ki, bu gün uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüdülməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Vurğulanıb ki, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum uşaqlara daim böyük diqqət göstərir.
Bayram tədbirində Şəki şəhər 3 və 4 saylı Uşaq Musiqi məktəblərinin, Şəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin, şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Tədbirdə uşaqlar üçün maraqlı intellektual oyunlar təşkil olunub, qaliblərə hədiyyələr təqdim edilib, həmçinin idman sahəsində yüksək nəticələr əldə edən uşaqlar mükafatlandırılıblar.
Müxbir – Mustafa Dadaşov