HESABLAMA PALATASININ HESABATI MİLLİ MƏCLİSİN MÜZAKİRƏSİNƏ ÇIXARILMIŞDIR
AZƏRTAC xəbər verir ki, aprelin 14-də Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında” qanun layihəsi müzakirə olunmuşdur.
Komissiyanın sədri Ziyad Səmədzadə demişdir ki, Hesablama Palatasının 2007-ci ildəki fəaliyyəti barədə hesabat “Hesablama Palatası haqqında” Qanunun və Palatanın Daxili Nizamnaməsinin tələblərinə uyğun hazırlanmışdır.
Sonra Hesablama Palatası sədrinin müavini Abbas Allahverdiyev təmsil etdiyi təşkilatın hesabatı ilə bağlı məlumat vermişdir. O demişdir ki, Hesablama Palatası Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü və çevik iqtisadi siyasətin uğurlarına öz layiqli töhfəsini vermək, Milli Məclisin, onun rəhbərliyinin, daimi komissiyalarının tövsiyələrini, müraciət və sorğularını mütəmadi və keyfiyyətlə yerinə yetirmək, cari fəaliyyətini daha səmərəli təşkil etmək və qanunvericiliklə müəyyən edilmiş funksiyalarının icrasını mütəşəkkil təmin etmək üçün təşkilati məsələlərin həllinə xüsusi diqqət yetirilmişdir.
Hesablama Palatasının 2007-ci ildəki fəaliyyəti qeyd olunmuş qanunlara, Palatanın iclaslarında təsdiq olunmuş iş planlarına və digər normativ sənədlərə əsasən həyata keçirilmişdir. Ötən il Hesablama Palatasının 14 iclası keçirilmiş və bu iclaslarda 32 məsələyə, o cümlədən nəzarət tədbirlərinin nəticələrinə dair 3, normativ sənədlərin və audit standartlarının təsdiq edilməsi barədə 7, audit proqramlarının təsdiqi ilə əlaqədar 4 məsələyə baxılmışdır.
Hesabat dövründə iş planı üzrə 3 audit və 34 ekspert-analitik tədbirin aparılması nəzərdə tutulmuşdur. Lakin Hesablama Palatasında həyata keçirilən təşkilati tədbirlərə, mövcud məlumat bazasının gücləndirilməsi və hesabat formalarının təkmilləşdirilməsi zərurəti ilə əlaqədar olaraq 3 audit və 20 ekspert-analitik tədbir aparılmışdır.
Nəzarət tədbirlərinin həyata keçirilməsi üçün Hesablama Palatasının malik olduğu informasiya resursları onun müxtəlif fəaliyyət istiqamətləri üzrə müəyyən edilmiş yeni tələblərə tam uyğun olmadığından qüvvədə olan bir çox məlumat formaları təkmilləşdirilmişdir. Mövcud məlumat bazasını daha da gücləndirmək və ən azı son 3 ili əhatə edən bazanın formalaşdırılmasını təmin etmək məqsədi ilə funksional təsnifatın ayrı-ayrı bölmələri üzrə dövlət aktivləri və əmlakının, sosialyönümlü xərclərə və iqtisadiyyatın ayrı-ayrı sahələrinə ayrılan büdcə vəsaitlərinin idarə və istifadə olunması təkmilləşdirilmiş, habelə bank fəaliyyəti sahəsini əhatə edən 80-dən çox ilkin məlumat formaları tərtib edilərək müvafiq mərkəzi və yerli icra orqanlarına göndərilmişdir.
Hesabat ilində Palataya 1122 müxtəlif məzmunlu məktub, müraciət və şikayət ərizəsi, ayrı-ayrı mərkəzi və yerli idarəetmə orqanlarından, büdcə təşkilatlarından hesabat və məlumatlar daxil olmuşdur. Palata tərəfindən isə 561 müxtəlif sorğu və məlumatların əldə olunması üçün müraciət məktubları göndərilmişdir.
Hesablama Palatası 2007-ci ildə dövlət büdcəsinin gəlir və xərclərinin auditini aparmış və öz rəyini Milli Məclisə təqdim etmişdir.
Aparılmış audit yoxlaması başa çatdıqdan sonra trafik mübadiləsinə görə hesablaşmalardan 2007-ci il üzrə 2614418 manat məbləğində borcun ödənilməsi təmin olunmuşdur.
Bundan əlavə, “Aqrolizinq” ASC-də və Azərbaycan Dövlət Pedaqoji Universitetində audit nəzarəti tədbirləri həyata keçirilmişdir. Audit zamanı aşkar edilmiş və sənədləşmələrin aparılmasında yol verilmiş nöqsanlar aradan qaldırılmış, pul vəsaitinin uçotunda və ödənilməsində çatışmazlıqlar bərpa edilmişdir.
A.Allahverdiyev onu da bildirmişdir ki, aparılan analitik təhlillər zamanı da bir sıra iri vergi ödəyicilərinin fəaliyyətində nailiyyətlərlə yanaşı, qüsurlar da aşkarlanmış və bu nöqsanların aradan qaldırılması üçün tövsiyələr hazırlanmışdır.
Hesablama Palatası beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirmiş, bir sıra beynəlxalq maliyyə qurumları ilə əlaqələr yaratmışdır.
Müzakirələr zamanı deputatlar əvvəlki illərlə müqayisədə Hesablama Palatasının fəaliyyətində müsbət dəyişikliklər yarandığını, hesabatın mükəmməl hazırlandığını vurğulamış, rəy və təkliflərini bildirmişlər.
Sonda hesabatın Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.