Hesablama Palatasının nümayəndə heyəti Braziliyada beynəlxalq konqresə qatılıb
Bakı, 10 noyabr, AZƏRTAC
Hesablama Palatasının Sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) noyabrın 7-11-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXIV Konqresində iştirak edir.
Palatadan AZƏRTAC-a bildirilib ki, noyabrın 9-da başlayan konqresdə İdarə Heyətinin toplantısı keçirilib, INTOSAI komitələrinin fəaliyyət hesabatları təqdim edilib və komitələrin gələcək fəaliyyəti müzakirə olunub. Daha sonra Baş Katibliyin hesabatı təqdim edilib, 2023-2028-ci illər üzrə Strateji Plan barədə məlumat verilib, INTOSAI auditorlarının hesabatları dinlənilib. Həmin gün INTOSAI-ın regional təşkilatları - AFROSAI, ARABOSAI, ASOSAI, CAROSAI, EUROSAI, OLACEFS və PASAI-nin hesabatları təqdim edilib. Toplantı zamanı “Fövqəladə hallarda Ali Audit Qurumlarının rolu” və “Qlobal səs, qlobal nəticə, geniş əhatəli təsir” mövzuları ətrafında müzakirələr keçirilib.
Qeyd edək ki, konqres çərçivəsində konkret mövzular ətrafında geniş müzakirələrin keçirilməsi üçün əlavə tədbirlər, həmçinin Ali Audit Qurumlarının qarşılıqlı əməkdaşlıq münasibətlərini müzakirə etmələri üçün ikitərəfli görüşlərin təşkili üçün imkanlar yaradılıb.
Sonra Hesablama Palatası İsrail, Küveyt və Koreya Ali Audit Qurumlarının nümayəndə heyətləri ilə ikitərəfli görüşlərə qatılıb, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilə biləcək mümkün tədbirləri müzakirə ediblər. Bundan əlavə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Braziliya Hesablama Məhkəməsinin prezidenti, eyni zamanda, növbəti üç il ərzində INTOSAI-a sədrlik edəcək Bruno Dantas arasında görüş təşkil edilib, tərəflər arasında mümkün əməkdaşlıq əlaqələrinin qurulması ətrafında müzakirələr keçirilib.
Konqresin bütün üzvləri INTOSAI təşkilatının ali orqanı olmaqla üç ildə bir dəfə toplanaraq, təşkilat üçün mühüm qərarlar qəbul edir və təşkilatın gələcək fəaliyyətinin strateji istiqamətini müəyyənləşdirir.