Hesablama Palatasının nümayəndə heyəti XXI INCOSAI-da iştirak etmişdir
Bakı, 30 oktyabr (AZƏRTAC). Hesablama Palatasının nümayəndə heyəti Çin Xalq Respublikasının Pekin şəhərində INTOSAI təşkilatının növbəti konqresi - XXI INCOSAI tədbirində iştirak etmişdir.
Hesablama Palatasından AZƏRTAC-a bildirmişlər ki, Çinin Milli Konvensiya Mərkəzində təşkil edilmiş XXI INCOSAI çərçivəsində nümayəndə heyəti konqres ərəfəsində keçirilən INTOSAI təşkilatının Potensialın Artırılması və Peşəkar Standartlar Komitələrinin iclaslarında iştirak etmişdir.
İclasda Səudiyyə Ərəbistanı AAQ-ın komitənin növbəti sədri olacağı, İsveç AAQ-ın isə həmsədrlik edəcəyi barədə məlumat verilmişdir. Bununla yanaşı, iclasda komitənin üzvləri sırasına Türkiyə və İran AAQ-larının qoşulması barədə söhbət açılmışdır.
Konqresin rəsmi açılış mərasimi Pekində yerləşən Böyük Xalq Zalında keçirilmişdir. Tədbirdə BMT-nin baş katibi Ban Ki Munun konqres iştirakçılarına ünvanlandığı məktub oxunmuş, INTOSAI təşkilatında sədrlik səlahiyyətlərinin Cənubi Afrika Respublikasının AAQ-ın rəhbəri Terence Nombembedən Çin AAQ-ın rəhbəri Liyu Çiayiyə ötürülmüşdür.
Sonra XXI INCOSAI-ın plenar sessiyası keçirilmişdir. Sessiyada INTOSAI-ın baş katibinin Konqresdən əvvəlki 3 il üzrə maliyyə hesabatları barədə məlumatı, 2014-2016-cı illərin büdcəsi barədə məlumatı, INTOSAI-ya üzvlük barədə məlumatı, o cümlədən INTOSAI-ın strateji planlaşdırma üzrə direktorunun fəaliyyəti barədə hesabatlar dinlənilmişdir. INTOSAI-ın regional işçi qrupları olan ARABOSAI və EUROSAI hesabatlarında 2013-cü il aprelin 16-18-də Hesablama Palatasının təşkilatçılığı ilə Bakıda keçirilmiş EUROSAI və ARABOSAI təşkilatlarının IV Birgə Konfransı barədə məlumat vermiş, bu tədbirin nəticələrinə və xüsusən də qəbul edilmiş Bakı bəyanatının əhəmiyyətinə yüksək qiymət vermişdir.
Palatanın nümayəndə heyəti ECOSAI təşkilatına üzv dövlətlərin konqresdə iştirak edən nümayəndə heyətləri ilə də görüşmüşdür. Görüşdə əsas müzakirə mövzusu cari ilin dekabrında Tehranda keçiriləcək assambleyada, həmçinin ECOSAI çərçivəsində müxtəlif təşəbbüslərdə iştirakı fəallaşdırmağa çağırış olmuşdur.