CƏMİYYƏT
Həsən Esendağlı: ŞKTR vəkilləri Azərbaycanla əlaqələrin möhkəmlənməsinə töhfə verməyə hazırdırlar
Ankara, 24 may, AZƏRTAC
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Vəkillər Kollegiyası Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə mümkün töhfə verməyə hazırdır.
Bunu AZƏRTAC ilə söhbətində Türk dünyası vəkillər kollegiyalarının toplantısında iştirak etmək üçün Ankaraya gələn ŞKTR Vəkillər Kollegiyasının sədri Hasan Esendağlı bildirib.
O, son dövrdə Bakı ilə Lefkoşa arasında müxtəlif qurum və təşkilatların platformalarında həyata keçirilən dialoqun gücləndirilməsi üzrə səyləri alqışlayıb.
Esendağlı bildirib ki, bu günlərdə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva və Türkiyənin baş ombudsmanı Şeref Malkoç ŞKTR-in Lefkoşadakı Vəkillər Kollegiyasında olublar.
Onun sözlərinə görə, hüquq sahəsində dialoq dövlətlərarası münasibətlərdə də mühüm rol oynayır, buna görə də Azərbaycan və ŞKTR vəkillər kollegiyaları arasında, o cümlədən türk dövlətlərinin ümumi platformalarında əlaqələri möhkəmləndirmək vacibdir.
“Biz qanunun aliliyinin təmin olunması naminə Azərbaycan vəkilləri ilə sıx əlaqə saxlamağa və təcrübə mübadiləsi aparmağa çalışırıq”, – deyə Hasan Esendağlı vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara