HƏŞƏRATLARDAN DƏRMAN PREPARATLARI?
Az-az adam tapılar ki, həşəratları sevsin, çünki onların çoxu xəstəlik yayıcılarıdır. Buna baxmayaraq, Avstraliya alimləri onlardan tibb preparatları almaq üçün istifadə etmək ümidindədirlər.
Bitkilərdən düzəldilən dava-dərmanla heç kimi təəccübləndirmək olmaz, amma həşəratlar və bakteriyalar dərman vasitələri hazırlanması üçün, əslində, toxunulmamış qalan bir mənbədir. Yer üzündə təxminən 250 min bitki növü, 4 milyondan artıq həşərat və saysız-hesabsız mikrob və bakteriyalar mövcuddur.
Avstraliya Elm və Sənaye Tədqiqatı Təşkilatının (KSİRO) icraçı direktoru Ceoff Harret deyir: “Bitki və mikroblardan dərman preparatları hazırlamaq üçün çoxdan istifadə edilir, lakin bundan ötrü həşəratlardan, əslində, istifadə olunmamışdır. 4 milyondan çox növün mövcud olduğunu nəzərə alsaq, görərik ki, gələcəkdə bu yolla da dərman preparatları istehsal etmək mümkündür”.
KSİRO tədqiqatlar aparılması və həşəratlardan hazırlanmış dərmanların bazara çıxarılması üçün Kanberra hospitalı ilə birlikdə “Entokosm” şirkəti təsis etmişdir. Alimlər kəpənəkləri, qarışqaları, cırcıramaları, çoxayaqlıları və ilbizləri tibbdə istifadə üçün öyrənirlər.
Yeni antibiotik növlərinin hazırlanması “Entokosm”un fəaliyyətində öncül istiqamət olacaqdır. Bundan sonra alimlər ciddi xəstəliklərə, o cümlədən də onkoloji xəstəliklərə qarşı daha yaxşı dərmanlar yaradılması ilə məşğul olmaq niyyətindədirlər.
İTAR-TASS-ın verdiyi xəbərə görə, bəzi ölkələrdə bu sahədə araşdırmalar aparılır. Ötən il Fransanın bir biotexnoloji şirkəti Çin alimləri ilə birlikdə kəpənəklərin sürfələrindən dərmanlar hazırlamağa başlamışdır. Amerika tədqiqyatçıları pərvanələrdən və tırtıllardan preparatlar yaradılması ilə məşğuldur.