Heydər Əliyev Azərbaycan dövlətinin qurulması və inkişafı üçün əvəzsiz fəaliyyət göstərib
Bakı, 11 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarının komandanlığında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə xalqımızın Ümummilli Lideri, dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söhbət açılıb, onun Azərbaycan dövlətinin qurulması və inkişafı sahəsində əvəzsiz fəaliyyətindən bəhs edilib.
Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, xalqımızın birliyi sayəsində 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü bərpa edib. Bu gün Qarabağda və Şərqi Zəngəzurda böyük tikinti, quruculuq işləri aparılır, infrastruktur layihələri uğurla icra olunur.
Sonda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.