SİYASƏT
HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ MİSİLSİZ TƏƏSSÜBKEŞİ, DÖVLƏTÇİLİYİMİZİN XİLASKARIDIR
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Şəki Şəhər İcra Hakimiyyətində ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 39-cu ildönümünə həsr olunmuş geniş toplantı keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova düz 39 il əvvəl - 1969-cu il iyulun 14-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə xalqımızın tarixində yeni dövrün başlandığını bildirmiş, dahi rəhbərin Vətən və xalq qarşısındakı xidmətlərindən bəhs etmişdir.
Toplantı iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənovun “Heydər Əliyev və Azərbaycan” mövzusunda məruzəsində ümummilli liderimizin 34 illik rəhbərlik fəaliyyətinin ən önəmli məqamlarına toxunulmuş, onun idarəçilik məharəti və zəngin mənəvi keyfiyyətləri barədə danışılmışdır. Məruzədə qeyd olunmuşdur ki, 1969-cu il iyulun 14-də respublika rəhbərliyinə yüksələn dahi öndər Heydər Əliyev özünün dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə hələ ötən əsrin 70-80-ci illərində qanunçuluğun qorunması və möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın hüquqlarının əzmkar müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmləndirilməsinə nail olmuşdur. Azərbaycan xalqı fenomenal liderinin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qoruyub saxlamağa nail olmuş, dövlət müstəqilliyi üçün zəruri siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmışdır.
Natiq bildirmişdir ki, dahi şəxsiyyət Azərbaycana rəhbərliyinin bütün mərhələlərində dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insan hüquq və azadlıqlarının maksimum dərəcədə qorunması, ədalətli cəmiyyətin formalaşdırılması, idarəçilikdə demokratik ənənələrin bərqərar olunması naminə misilsiz xidmətlər göstərmişdir.
Toplantıda çıxış edən şəhər təhsil şöbəsinin müdiri Firəddun İbrahimov, “Şəki-İpək” ASC həmkarlar təşkilatının sədri Sevil İsmayılova, Şəki Poçtamtının rəisi İsmayıl İmamov bildirmişlər ki, indi Azərbaycan xalqı Heydər Əliyev siyasi idarəetmə fəlsəfəsinə söykənən və onu dövrün tələblərinə uyğun yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin rəhbərliyi altında ümummilli liderimizin bütün ideyalarının həyata keçəcəyinə, respublikamızın siyasi və iqtisadi baxımdan qüdrətli dövlətlərdən birinə çevriləcəyinə ürəkdən inanır, dövlət başçısının həyata keçirdiyi siyasəti səmimi şəkildə dəstəkləyir. Çıxışlarda bir fikir xüsusi vurğulanmışdır ki, xalqımızın növbəti prezident seçkilərində ulu öndər Heydər Əliyevin ölməz ideyalarına sadiq qalmış, yaşından, cinsindən dini və siysi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının prezidenti olmağı bacaramış dövlət başçısı İlham Əliyevə səs verəcəyinə inamımız şəksizdir. Şəki əhalisi inanır ki, həmin gün ulu öndərin ruhu hamımıza yar olacaq, dayandığı zirvədən bizə hər zaman olduğu kimi, bir daha doğru yol göstərəcəkdir.