QAN YADDAŞI
Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirmişdir
Ankara, 19 yanvar (AZƏRTAC). Heydər Əliyev Fondunun Türkiyə təmsilçiliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı İstanbul və Bursanın Uludağ universitetlərində tədbirlər keçirmişdir.
Fondun Türkiyə təmsilçiliyinin rəhbəri Samir Cəfərov tədbirlərdə iştirak edən azərbaycanlı tələbələrə Qanlı Yanvar hadisələri, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi, xalqımızın müstəqillik və torpaqlarımızın müdafiəsi uğrunda mübarizəsi haqqında ətraflı məlumat vermişdir. O, xalqımızın ümummilli lideri Heydər Əliyevin bu dəhşətli qətliamdan sonra dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıya qoşun yeridilməsi və günahsız insanların amansızlıqla qətlə yetirildiyinin pislədiyini vurğulamışdır.
Tədbirlərdə çıxış edən gənclərimiz Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə hazır olduqlarını, şəhidlərimizin xatirəsini hər zaman yaşadacaqlarını bildirmişlər.
Tələbələrə Heydər Əliyev Fondunun hazırladığı kitablar və broşürlər paylanmış, 20 Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara