Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslərin keçirilməsinə start verilib
Bakı, 19 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslərə start verilib. Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatında keçirilən ilk dərsdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İdarənin əməkdaşları, həmçinin məktəb direktorları və müəllimlər iştirak ediblər.
YAP Binəqədi rayon təşkilatından AZƏRTAC-a bildirilib ki, tədbir başlamazdan əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər. Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Partiyanın rayon təşkilatının sədri Vüsar İsmayılov tədbirdə giriş nitqi ilə çıxış edərək ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov “Zəfər: ərazi bütövlüyümüz və milli qürurumuzun bərpası” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli Liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Natiq bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət baxımından olduqca xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcək.