Heydər Əliyev kursunun bütün xalq tərəfindən dəstəklənməsi böyük qüvvədir
Bakı, 30 dekabr, AZƏRTAC
Yəhudi Xəbər Agentliyi (YXA) Bakıda Heydər Məscidinin təntənəli açılışına həsr olunmuş material dərc edib. Materialda bildirilir ki, məscidin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri şeyxülislam Allahşükür Paşazadə, Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Aşkenazi Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının başçısı arxiyepiskop Aleksandr, Katolik Kilsəsinin baş keşişi Vladimir Fekete iştirak ediblər.
Məqalədə deyilir: “Prezident İlham Əliyev Heydər Məscidinin açılışı mərasimində çıxış edərək mərasim iştirakçılarını respublikanın həyatında bu tarixi hadisə münasibətilə təbrik edib”.
Daha sonra bildirilir ki, Azərbaycan Yəhudiləri adından çıxış edən Milix Yevdayev ümummilli lider Heydər Əliyevin respublikanın təşəkkülünə, inkişafına və möhkəmlənməsinə böyük töhfəsini vurğulayıb.
Milix Yevdayev Yəhudi Xəbərlər Agentliyinə müsahibəsində deyib: “Suveren Azərbaycanda quruculuq, etnoslar və konfessiyalar arasında sülh, dostluq və əməkdaşlıq şəraitinin formalaşması kursunun əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün həmin kurs bütün xalqın dəstəyinə, müsəlmanların, yəhudilərin və xristianların dəstəyinə güvənən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir”.
Milix Yevdayev daha sonra deyib: “Heydər Əliyev və İlham Əliyev kursunun bütün xalq tərəfindən dəstəklənməsi böyük qüvvədir. Respublika həmin qüvvəyə güvənərək ölkənin və burada məskunlaşan bütün xalqların, o cümlədən yəhudi xalqının gözəl gələcəyi naminə qurur və yaradır”.
Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan məscidin açılış mərasiminin sonunda Heydər Əliyevin, onun ömür-gün yoldaşı Zərifə Əliyevanın, habelə ölkəmizin azadlığı və müstəqilliyi yolunda canlarından keçmiş şəhidlərin ruhuna dualar oxunub.