MƏDƏNİYYƏT
Heydər Əliyev Mərkəzində ABŞ-ın “Kosmosa səyahət” sərgisinin dünya premyerası keçiriləcəkdir
Bakı, 8 noyabr (AZƏRTAC). Noyabrın 22-də Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin dünya premyerasının açılışı olacaqdır.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, fəzanın fəth tarixini - insanların ta qədimlərdən səma barədə xəyallarını, kosmosla yarım əsrlik tanışlıq müddətindəki yenilikləri əks etdirən bu sərgi Heydər Əliyev Mərkəzində 3500 kvadratmetr sahədə təşkil ediləcəkdir. Sərgidə yüzədək eksponat nümayiş olunacaqdır. Bunların sırasında kosmik stansiyalar, kosmosa gedib gəlmiş və digər planetlərdən gətirilmiş orijinal nümunələr, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və s. vardır.
Burada uşaqdan böyüyədək hər bir ziyarətçinin kosmosa qiyabi səyahət imkanı olacaqdır. Sərgidəki 6 fərqli simulyator vasitəsilə izləyicilər özlərini qısa müddətdə də olsa “fəza”da kosmonavt kimi hiss edə biləcəklər.
İlk dəfə nümayiş olunan eksponatlarla yanaşı, sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olacaqdır. Ziyarətçilər burada Azərbaycanın ilk süni peykinə dair məlumatlar, maketlər barədə informasiya əldə edə biləcəklər.
ABŞ-ın Kosmik və Raket Mərkəzinin təqdimatında Avropanın bir neçə ölkəsində sərgilər təşkil olunmuş və onları 1,5 milyondan artıq ziyarətçi izləmişdir. Heydər Əliyev Mərkəzində keçiriləcək sərgi isə bir çox eksponatların ilk dəfə nümayiş olunması ilə yadda qalacaqdır. 2014-cü il fevralın 23-dək davam edəcək sərgi Bakıdan sonra Paris, Brüssel, Amsterdam, Milan və digər şəhərlərdə də keçiriləcəkdir.
“Kosmosa səyahət” sərgisi Heydər Əliyev Mərkəzinin elm və təhsil sahəsindəki layihələri çərçivəsində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə təşkil olunmuşdur. İnformasiya texnologiyaları istiqamətində nailiyyətləri dəstəkləyən və bu sahəyə töhfə verən sərgi kosmonavtika üzrə maarifləndirmə, Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına və geniş tətbiqinə yönəlmiş strategiyasının yayılması məqsədini daşıyır.