“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”- tədbir
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində mayın 10-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva açaraq dünyəvilik, milli-mənəvi dəyərlərə sadiqlik, milli kimliyin təsdiqi kimi dəyərlərə söykənən azərbaycançılıq ideologiyasını dövlətçilik və müstəqillik ənənələrinin möhkəmlənməsində başlıca amil kimi səciyyələndirib. O, Ulu Öndərin azərbaycançılıq məfkurəsini, həmçinin dünya azərbaycanlılarını birləşdirən, onların hüquqlarını qoruyan və milli həmrəyliyi təmin edən ideoloji istinad mənbəyi kimi də dəyərləndirib. S.Əliyeva bu ideologiyanın dövlətçiliyin fəaliyyət strategiyasını müəyyən edən başlıca konsepsiyaya çevrilməsində məhz Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətini xüsusi vurğulayıb. O bildirib ki, azərbaycançılığı və dövlətçiliyi özündə ehtiva edən bu konsepsiya milli-mənəvi maraqların və çoxəsrlik dövlətçilik ənənələrimizin qorunmasının, müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizənin parlaq təzahürüdür. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ideologiya və vahid milli məfkurə ətrafında sıx birləşmək siyasəti Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
S.Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumat verib. Bildirib ki, 3 ildir fəaliyyət göstərən Monitorinq Mərkəzinin əsas məqsədi Azərbaycan dilinin saflığının qorunmasıdır.
Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Səma Vəliyeva “Heydər Əliyev və əbədiyaşarlıq” mövzusunda məruzəsində Ulu Öndərin dilimizi dərindən sevməklə onu hərtərəfli və elmi əsaslar zəminində öyrənməyin vacibliyi barədə verdiyi tövsiyələrdən, dilimizin qorunub saxlanılması və saflığının təmin olunması məsələsində gənc nəslin üzərinə düşən öhdəliklərdən bəhs edib. Məruzəçi Heydər Əliyev şəxsiyyətinin əbədiyaşarlığını, ideyaları, amalları yaşadıqca da var olacağını xüsusi vurğulayıb.
Tədbir yazıcı-alim Sadıq Qarayevin əsərlərində, ümumiyyətlə müasir ədəbiyyatda Heydər Əliyev ideyalarının, azərbaycançılıq ideologiyasının qoyuluşu, ideologiyanın xalqımızın birliyində, dövlətçilik prinsiplərinin formalaşmasında rolu və s. mövzular ətrafında müzakirələrlə davam edib. Müzakirələrdə Azərbaycan Yazıcılar Birliyinin üzvləri Arzu Əsəd, Əli Rza Xələfli, Qəşəm Nəcəfzadə və digərləri fikirlərini bölüşüblər.
Tədbirdə, həmçinin bildirilib ki, azərbaycançılıq ideologiyasını Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına, milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemi kimi səciyyələndiriblər. Bildirilib ki, azərbaycançılıq ideologiyası xalqımızın mənəvi səfərbərliyi və vəhdətinin başlıca amilidir.