“HEYDƏR ƏLİYEV VƏ ŞƏRQ”
Dekabrın 25-də “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə çap edilmiş çoxcildli “Heydər Əliyev və Şərq” kitabının 1-ci və 2-ci cildlərinin təqdimat mərasimi olmuşdur.
Mərasimdə nazirlər, Milli Məclisin deputatları, şirkət və konsernlərin rəhbərləri, səfirlər, elmi ictimaiyyətin nümayəndələri, politoloqlar iştirak edirdilər.
Mərasimi Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov giriş sözü ilə açdı.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov və Bakı Dövlət Universitetinin tarix fakultəsinin dekanı Yaqub Mahmudov, Prezidentin İcra Aparatının şöbə müdirləri Novruz Məmmədov, professor Əli Həsənov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev, Milli Məclisin deputatları Fəttah Heydərov, Mikayıl Mirzə, kitabın naşiri Asif Rüstəmli təqdimat mərasimində çıxış etdilər.
Qeyd olundu ki, dünya azərbaycanlılarının lideri, böyük dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şərəfli həyatından, titanik fəaliyyətindən, xalqımızın və Vətənimizin tərəqqisinə göstərdiyi böyük xidmətlərdən bəhs edən bu kitablar orijinallığına, sistemli və sənədli olmasına, konkretliyinə görə fərqlənir. Kitabın birinci cildinə müqəddimədə Azərbaycanın xarici işlər naziri Vilayət Quliyevin yazdığı kimi, “Heydər Əliyev və Şərq” mövzusunda ümumiləşdirmə aparılmasına cəhd göstərilmişdir.
Natiqlər “Heydər Əliyev və Şərq” kitabının sənədlər əsasında hazırlanmasını onun ən üstün cəhətlərindən biri kimi dəyərləndirdilər. Qeyd olundu ki, Azərbaycan dövlətinin beynəlxalq münasibətləri tarixində çox qiymətli vəsait olan bu kitab cəmiyyətimizin, oxucuların böyük marağına səbəb olacaqdır.
Kitabın birinci cildində Şərqin böyük dövlət xadimi olan Azərbaycan Prezidentinin Şərq ölkələrinin rəhbərləri ilə görüşləri, danışıqlar zamanı söylədiyi dəyərli fikirlər, Şərq-Qərb münasibətlərinə diplomatik, ideya-siyasi baxışları əhatə olunmuşdur.
Bu cilddə verilmiş materiallar dövlətimizin xarici siyasətinin mühüm bir istiqaməti barədə təsəvvür yaratmaqla yanaşı, həm də Yaxın və Orta Şərq ölkələrinə münasibətdə düzgün seçilmiş, hərtərəfli götür-qoy edilmiş, dövlətin və xalqın milli maraqlarına cavab verən siyasətin Azərbaycan kimi gənc müstəqil respublika üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir.
Kitabın ikinci cildi Azərbaycanın cənub qonşusu İranla olan münasibətlərə həsr edilmişdir. Azərbaycan-İran münasibətləri və onun inkişafında Heydər Əliyevin xüsusi rolu bu cildə ətraflı əks etdirilmişdir. Təqdimat zamanı bildirildi ki, kitabın sonrakı cildləri də belə yüksək səviyyədə hazırlanacaqdır.
“Heydər Əliyev və Şərq” kitabının müəllifləri - xarici işlər nazirinin müşavirləri, Qaley Allahverdiyev və Vəhdət Sultanzadə təqdimat mərasimində çıxış edərək, hazırlanmasında AZƏRTAC-ın, “Qayıdış. 1990-1993” kitabının materiallarından istifadə olunmuş bu kitab haqqında deyilən xoş sözlərə görə təşəkkürlərini bildirdilər.
Təqdimat mərasimində Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, parlament sədrinin müavini Ziyafət Əsgərov və digər rəsmi şəxslər iştirak edirdilər.