Heydər Əliyev yaddaşlarda Vyetnamın inkişafına mühüm töhfə vermiş dövlət xadimi kimi qalacaq
Pekin, 10 noyabr, AZƏRTAC
Vyetnamın Ho Şi Min adına Siyasət və Dövlət İdarəçiliyi üzrə Milli Akademiyasının tabeliyindəki Jurnalistika və Rabitə Akademiyasında Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqının nümayəndə heyətinin rəhbəri qismində Vyetnama tarixi səfərinin 40 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Vyetnamdakı səfirliyi və akademiyanın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Vyetnam-Azərbaycan Dostluq Assosiasiyanın üzvləri, habelə akademiyanın tələbə və müəllimləri iştirak ediblər.
Akademiyanın rektoru Pham Minh Son görkəmli dövlət xadimi Heydər Əliyev və onun Azərbaycan-Vyetnam münasibətlərində mühüm rolu, o cümlədən iki ölkə arasında tarixi əlaqələr barədə danışıb.
Ölkəmizin Vyetnamdakı səfiri Şövqi Mehdizadə Azərbaycanla Vyetnam arasında tarixi dostluq əlaqələrinin yaranmasında hər iki ölkənin liderlərinin rolu haqqında məlumat verərək, Ulu Öndərin Vyetnam xalqının yaxın dostu olduğunu və Vyetnamla əlaqələrə hər zaman böyük önəm verdiyini qeyd edib. O, Heydər Əliyevin 1983-cü ildə Sovet İttifaqı nümayəndə heyətinin rəhbəri kimi Vyetnama rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını, eləcə də vyetnamlı tələbələrin dövlət xətti ilə Azərbaycanda təhsil almasında və Vyetnamda neft sənayesinin qurulmasında Ulu Öndərin müstəsna rolunun olduğunu vurğulayıb.
Səfir gələn il Vyetnamın sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfəri ilə başlayan dostluq münasibətlərimizin 65 illiyinin qeyd olunacağını və bununla əlaqədar həyata keçiriləcək tədbirlər barədə məlumat verib.
Qazaxıstan səfiri Kanat Tumış, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nqiem Vu Khay, Azərbaycan Mədəniyyət, Elm və Tarix Mərkəzinin direktoru Dao Xuan Tien, akademiyanın professorları çıxış edərək Azərbaycanın inkişafında və müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin tarixi əhəmiyyətini xüsusi qeyd ediblər, bu biliklərin gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.
Qeyd edilib ki, Heydər Əliyev böyük tarixi şəxsiyyət olaraq Vyetnamın inkişafına mühüm töhfə vermiş dövlət xadimi kimi yaddaşlarda qalacaqdır.
Sonda Ulu Öndərə həsr olunan və AZƏRTAC-ın dəstəyi ilə İctimai Televiziyanın hazırladığı “Vyetnam səfəri” filmi nümayiş etdirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin