Heydər Əliyevin dövlətçilik fəlsəfəsi Azərbaycanın müstəqilliyinin inkişaf etdirilməsində mühüm rol oynayıb
Naxçıvan, 8 may, AZƏRTAC
Müstəqil Azərbaycan Respublikasının qüdrətli, demokratik vətəndaş cəmiyyətinə malik bir ölkə kimi formalaşmasında ümummilli lider Heydər Əliyev əvəzsiz xidmətlər göstərib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının növbəti məşğələsində səsləndirilib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən məşğələdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda məruzə edib. O, Ulu Öndərin memarı və qurucusu olduğu müasir Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanılmasındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan, dahi rəhbərin milli dövlətçilik konsepsiyasından ətraflı danışıb.
İsmayıl Hacıyev bildirib ki, görkəmli dövlət xadimi Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını işləyib hazırlayıb və həyata keçirib, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli təlimin - azərbaycançılıq ideologiyasının da əsasını qoyub.
“Dahi şəxsiyyətin əməli-nəzəri fəaliyyətinin mühüm bir hissəsini təşkil edən dövlətçilik fəlsəfəsi Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, inkişaf etdirilməsində əhəmiyyətli rol oynayıb. Əsl fəaliyyət strategiyası olan dövlətçilik təlimi sayəsində uzun illər öz dövlətçiliyindən və milli mənəvi köklərindən ayrı salınmaqda olan Azərbaycan xalqının özünəqayıdış və özünütəsdiq prosesi reallaşıb” - deyən İsmayıl Hacıyev qeyd edib ki, ulu öndər Heydər Əliyev həyatı boyu istər Azərbaycana rəhbərliyinin birinci, istərsə də ikinci dövründə daim Vətəninin, xalqının gələcəyini düşünüb. Azərbaycanın müstəqilliyinin əbədiliyinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini dəqiq müəyyənləşdirib.
Çıxışlarda bildirilib ki, ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə bütün Azərbaycan vətəndaşlarını vahid amal, ideya və məqsəd ətrafında birləşdirəcək milli ideologiyanın yaradılması dövlət siyasəti səviyyəsinə qaldırıldı. Başqa sahələrdə olduğu kimi, milli ideoloji baxışlar sisteminin formalaşdırılmasında da dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipini saxladı. Ulu öndər Heydər Əliyev qeyd edirdi ki, milli ideologiya tarixi keçmişimizlə, millətimizin adət-ənənələri, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu gün Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin firavan gələcəyinin təmin edilməsində Ümummilli Liderin müstəqil dövlətçilik təliminin müddəalarını əsas götürməsi Azərbaycanın gündən-günə daha da güclənməsində, beynəlxalq arenada özünə layiqli yer tutmasında əhəmiyyətli rol oynayır, bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir.