Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq
Bakı, 11 may, AZƏRTAC
Ölkəmizin hərtərəfli inkişafına görə ulu öndər Heydər Əliyevə borcluyuq. Ömrünü xalqının tərəqqisinə həsr etmiş, ona nicat vermiş dahi şəxsiyyətin əziz xatirəsi qədirbilən xalqımızın qəlbində daim yaşayacaq.
Bu sözləri Bakı Dövlət Universitetinin tələbəsi Yaşar Vəliyev AZƏRTAC-a müsahibəsində deyib.
O vurğulayıb ki, gənclərə daim diqqət göstərən, onların qayğısına qalan, problemlərinin həllinə xüsusi önəm verən Ümummilli Lider həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib.1993-cü ildə yeni müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasını dağılmaqdan və müstəqilliyini yenidən itirməkdən ümummilli lider Heydər Əliyev xilas edib. Ulu Öndərin müdrikliyi, siyasi və dövlətçilik təcrübəsi, o cümlədən möhkəm iradəsi sayəsində ölkə fəlakətdən qurtarılmış, respublikamız hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Yaşar Vəliyev deyib: “Ulu Öndər dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. O, həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində sağlam gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə çalışırdı. Ümummilli lider Heydər Əliyev dövlətin idarəçiliyində gənclərin daha fəal iştirakına xüsusi diqqət yetirib, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edib.
Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır. Çünki Ümummilli Liderin şərəfli ömür yolu əsl kamillik nümunəsidir. Bu nümunə Azərbaycan xalqının həm mənəvi, həm siyasi, həm də sosial-iqtisadi uğurlarının əsasıdır”.