Hindistan və Azərbaycan şirkətlərinin əməkdaşlığı üçün rəqəmsal platformanın yaradılması təklif olunur
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) iştirakı ilə “Hindistan-Azərbaycan biznes təşviqatı, problemlər və perspektivlər - postCOVID-19” mövzusunda interaktiv videokonfrans keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, Hindistanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə keçirilən görüşdə PHD Ticarət və Sənaye Palatasının rəhbərliyi, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, Azərbaycan Sahibkarlar Konfederasiyasının Baş katibinin müavini Fuad Hümbətov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İnvestisiya departamentinin rəhbəri Zöhrab Qadirov və Hindistanın turizm, aviasiya, karqo, blokçeyn, binaların havalandırılması və ventilyasiya, əczaçılıq, dəri məhsulları kimi sahələr üzrə fəaliyyət göstərən sahibkarları iştirak ediblər.
Videokonfransda hazırda dünyada mövcud pandemiya ilə bağlı yaranmış vəziyyət haqqında fikir mübadiləsi aparılıb və bunun dünya iqtisadiyyatına təsirləri müzakirə edilib. Postpandemiya dövründə ölkələrarası iqtisadi-ticari əlaqələrin bərpa edilməsinin zəruriliyindən bəhs olunub.
F.Hümbətov pandemiya ilə əlaqədar ölkədə yaradılmış işçi qruplarında ASK-ın effektiv fəaliyyəti haqqında məlumat verib, iqtisadi və sosial sektorlara dövlət dəstəyi barədə ətraflı danışıb. Həmçinin ASK nümayəndəsi PDH Ticarət və Sənaye Palatası ilə imzalanmış əməkdaşlıq haqqında anlaşma memorandumuna istinad edərək sənəddə qeyd edilmiş sahələrin, xüsusən də turizm, kənd təsərrüfatı, əczaçılıq, xidmət sektoru, konsaltinq, IT üzrə əməkdaşlıq istiqamətlərində geniş potensialın olduğunu bildirib və postpandemiya dövründə adıçəkilən sahələr üzrə əməkdaşlığın yol xəritəsinin hazırlanmasını təklif edib.
O, Hindistan və Azərbaycan şirkətlərinin əməkdaşlığı üçün müvafiq məhsul və xidmətlərinin yer ala biləcəyi rəqəmsal platformanın yaradılmasının hər iki ölkə sahibkarlarının fəaliyyətində effektiv rol oynayacağını bildirib. F.Hümbətov bu istiqamətdə “ASK Biznes Konsaltinq”in rolunun vacibliyindən danışıb. Bundan başqa, hindistanlı sahibkarların maraqlarını (xüsusən də əczaçılıq, dəri məhsulları, kənd təsərrüfatı məhsullarının istehsalı və sair) nəzərə alaraq, ölkəmizdə müvafiq sənaye parklarında istehsal sahəsi açmağa və bu parklarda investisiya təşviqinə dair dövlət dəstəyi mexanizmləri haqqında təkliflərini çatdırıb.
Sonda ASK və AZPROMO təmsilçiləri sahibkarların suallarını cavablandırıb.