“HÖKMDARIN TALEYİ” ŞƏRQ-QƏRB”İN EKRANINDA
AZƏRTAC xəbər verir ki, iyunun 7-də, “Şərq-Qərb” X beynəlxalq Bakı kinofestivalının sonuncu günü kinorejissor Ramiz Fətəlieyvin “Hökmdarın taleyi” filmi nümayiş etdirilmişdir. Film bu il xalq yazıçısı, dramaturq Elçinin görkəmli dramaturq İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında yazdığı ssenari üzrə çəkilmişdir. Filmin bəstəkarı Polad Bülbüloğludur.
Filmin süjeti XIX əsrdə Rusiya imperiyası və İran arasında bölünmüş Azərbaycanda baş verən tarixi hadusələr əsasında qurulmuşdur. Fətəli şah parçalanmış Azərbaycan xanlıqlarını İranın təsiri altında saxlamağa çalışır. Eyni zamanda, imperator I Aleksandr Rusiyanın Cənubi Qafqaza müdaxiləsini gücləndirir. Qarabağ xanı İbrahim xan diplomatik addım ataraq qızının Fətəli şahla nikahına razılıq verir. Lakin ermənilərin fitnəkarlığı nəticəsində İbrahim xan qətlə yetirilir.
Kinoşünasların fikrincə, milli kinematoqrafımızın inkişafında mühüm addım sayılan bu filmdə Azərbaycan aktyorları Fəxrəddin Manafov, Rafiq Əliyev ilə yanaşı, Rusiya kino ustaları da çəkilmişlər.