Hövsan Aerasiya stansiyasında tullantıların təmizlənməsi texnologiyasının tətbiqinə başlanmışdır
Bakı, 19 noyabr (AZƏRTAC). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) ətraf mühitin mühafizəsi, Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması istiqamətində kompleks tədbirlər həyata keçirir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhərində toplanan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə yeni texnologiyaların tətbiqi davam etdirilir. Cənubi Qafqazda ən böyük təmizləyici qurğu olan Hövsan Aerasiya Stansiyasında yeni texnologiyanın - tullantı lillərinin susuzlaşdırılmasının tətbiqinə başlanılmışdır.
Hazırda tullantı qalıqlarının atılması və basdırılması ekologiyanın aktual problemlərindən biridir. İndiyədək Hövsan Aerasiya Stansiyasında tullantı sularının bioloji təmizlənməsi zamanı böyük lil qatı yaranırdı. Sutka ərzində yaranan lil nasoslar vasitəsilə lil meydançalarına vurulurdu. Bu meydançalar ümumilikdə 27 hektar ərazini əhatə edir.
Həmin problemlərin aradan qaldırılması məqsədilə Hövsan Aerasiya Stansiyasında Türkiyənin “HAUS” şirkətinin istehsal etdiyi yeni lil susuzlaşdırıcı dekantorlar quraşdırılmışdır. Sutkalıq məhsuldarlığı 72 kubmetr olan qurğu Hövsan Aerasiya Stansiyasında sutka ərzində yaranan bütün lil kütləsini emal etməyə imkan verir.
Eyni zamanda, stansiya ərazisində hər birinin tutumu 60 kubmetr olan 2 ədəd əhəng çəni quraşdırılmışdır. Texnoloji prosesə əsasən tullantı lilləri əhəng kütləsi hesabına zərərsizləşdirilir. Yeni texnologiyanın tətbiqindən sonra Hövsan Aerasiya Stansiyasında izafi lilin miqdarı gündəlik 2 min 500 kubmetrdən 150 kubmetrə qədər azalmışdır. Bununla da lil tullantısı əvvəlki dövrlə müqayisədə 20 dəfəyədək kiçik ərazini əhatə edəcəkdir.
Ekoloji cəhətdən təhlükəsiz, iqtisadi baxımdan səmərəli olan bu texnologiya dünyanın inkişaf etmiş ölkələrində geniş tətbiq olunur.