Hüquq və insan haqları virtual kitabxanası ictimaiyyətə təqdim edilib
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Hüquq və İnsan Haqları İnstitutunun təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə “Heydər Əliyev İli” çərçivəsində Hüquq və insan haqları virtual kitabxanasının ictimaiyyətə açıq təqdimatı keçirilib. Təqdimat Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.
AZƏRTAC xəbər verir ki, açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Hüquq siyasəti məsələləri sektorunun müdiri Rüstəm Qasımov Ümummilli Lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ölkəmizin hüquq sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətlərinin bu gün öz bəhrəsini verdiyini söyləyib. Bildirib ki, Ulu Öndərin başladığı köklü islahatlar nəticəsində müasir Azərbaycanda hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının imzaladığı fərman və sərəncamlar qısa dövr ərzində ölkəmizin dinamik yüksəlişini təmin edib və həyata keçirilən islahatlara yeni təkan verib. R.Qasımov institutun Hüquq və insan haqları virtual kitabxanasını yaratmaq təşəbbüsünün hüquq ədəbiyyatı oxucuları üçün böyük töhfə olacağını vurğulayıb.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsi Nuno Quieros “İnsan hüquqları - 2030 Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədləri”nə nail olunmasının BMTİP-in əsas istiqamətlərindən biri olduğunu qeyd edərək, virtual kitabxananın da bu prosesə ciddi töhfə verəcəyinə inandığını bildirib.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə tədbirdə Heydər Əliyevin ölkəmizdə insan hüquqları istiqamətində atdığı vacib addımlar barədə ətraflı məlumat verərək Ulu Öndərin 10 illik fəaliyyəti ərzində 1 Konstitusiya (48 maddəsi sırf insan hüquqlarına həsr edilib), 13 məcəllə, 425 qanun, beynəlxalq sənədlərə qoşulmaya dair 419 müvafiq akt, yüz mindən çox insana şamil edilən 32 əfv fərmanı və 7 amnistiya aktı qəbul edildiyini bildirib. İnstitut rəhbəri təqdim edilən virtual kitabxanada azərbaycanlı alimlərin hüquq və insan haqlarına dair üç dildə yazdıqları 217 vəsaitin pulsuz istifadə üçün yerləşdirildiyini söyləyib.
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov hüququn mənşəyini, inkişafını və fəaliyyətinin mahiyyətini, ən ümumi qanunlarını və meyillərini öyrənən, eyni zamanda, bütün hüquq elmləri üçün ümumi anlayışlar və kateqoriyalar təşkil edən fundamental hüquq bazasının yaradılmasını təqdirəlayiq hesab edərək, bu ideyanı dəstəklədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, virtual kitabxana Azərbaycanda hüquq elminin inkişaf etdirilməsi, ölkə əhalisinin hüquqi maarifləndirilməsi, onların yeni biliklər əldə etməsi, eyni zamanda, hüquq ədəbiyyatının təbliği və bu sahədəki yeniliklərin təminat bazasının toplanması məqsədilə yaradılıb.
Virtual kitabxana fondu ali məktəblərin hüquq fakültələrində çalışan ixtisaslı müəllim və professorların, hüquqşünas alimlərin, tədqiqatçıların, vəkillərin, müxtəlif dövlət qurumlarında fəaliyyət göstərən hüquqşünasların, həmçinin ictimai birliklərin hüquq və insan haqlarına dair kitab və məqalələr (Azərbaycan, rus və ingilis dillərində) toplusundan ibarətdir.
Yekunda hüquq elmində dəyərli əsərləri ilə virtual kitabxananın zənginləşdirilməsinə töhfə vermiş bir sıra alimlər “Təşəkkürnamə” ilə təltif ediliblər.